MTRŞ özəl telekanalları təftiş etdi
21 Oktyabr 2013 15:42 (UTC+04:00)
Azərbaycanda özəl televiziyalar üzrə aparılan monitorinqə yekun vurulub.
Bu barədə AzNews.az-a bununla bağlı yaradılan monitorinq qrupunun üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Təranə Şükürova verib.
T. Şükürova deyib ki, monitorinq Milli Televiziya və Radio Şurası tərəfindən Elektron Media Yardım Fondu ilə birgə, AMEA-nin Nəsimi adına Dilçilik İnstitutunun da mütəxəssislərinin cəlb edildiyi qrup tərəfindən aparılıb. Monitorinq ANS, ATV, İTV, "Lider", "Xəzər" və "Space" kanallarını əhatə edib: "Monitorinq 4 sahəni əhatə edib. Bunlara fonetik, leksik, qrammatik və üslub normaları daxildir. Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların müəyyənləşdirilməsinə gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək".
T. Şükürova qeyd edib ki, monitorinq sentyabr və oktyabr ayının ortalarına qədər davam edib və özəl telekanallarda ədəbi dilin normaları izlənilib: "Qeydlərimiz yazılı şəkildə hesabat formasında MTRŞ -a təqdim edilib. Monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq".
Ramil Məmmədli
AzNews.az