Tıxaclar Bakının bəlasına çevrilib - Video
22 Oktyabr 2013 17:05 (UTC+04:00)
Artıq günümüzü tıxacsız təsəvvür etmək mümkün deyil. Günün səhər və axşam saatlarında yol boyu uzanan tıxaclar insanları saatlarla gözləməyə vadar edir.
Artıq bir neçə ildir ki, tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlısı odur ki, tıxaclar yalnız mərkəzdə və pik saatlarda deyil, şəhərin istənilən yerində istənilən saatda yaranır. Tıxaclar səbəbindən nə işə gedənlər işinə, nə də dərsə gedənlər dərsinə gedib vaxtında çata bilmirlər. Nə yeni yollar, nə körpülər, nə də hansısa keçidlər tıxaclara əncam çəkə bilmir ki, bilmir. Bəzən yaranan tıxaclar saatlarla davam edir. Ən çox istifadə edilən yollardan biri olan Bakı-Xırdalan şossesində yaranan tıxac səbəbindən bu səhər sürücülər bir xeyli gözləməli oldular. Yaranan tıxacın ucu-bucağı görünmürdü. Tıxacın bir ucu Şamaxinka adlanan ərazidən başlayıb, Biləcəri-Xırdalan- Masazıra qədər uzanırdı.
Eləcə əks istiqamətdə oxşar hal müşahidə edilirdi. Tbilisi prospektində də vəziyyət eyni idi. Tıxacin bir ucu Nəqliyyat Nazirliyinin yaxınlığında idi.
Bu səhər paytaxtın bir küçə və prospektlərin bu vəziyyəti görmək mümkün idi. Artıq elə bir sürücü yoxdur ki, yaranan tıxaclardan əziyyət çəkməsin.
Yol polis idarəsi isə açıqlama verib ki, tıxacların yaranmasına səbəb maşınların çox olmasıdır. Respublikada 1 milyon 200000-ə qədər avtomobil var ki, bunların da 65%-i Bakı şəhərində cəmlənib. Bu günki Bakının şimal girişində yaranan tıxacların səbəbinə gəldikdə isə, Baş Dövlət Yol Polis İdarəsi bunu nəqliyyat intensivliyi ilə əlaqələndirir.
AzNews.az