Ali Məhkəmə də Cəmil Həsənliyə “yox” dedi

23 Oktyabr 2013 12:25 (UTC+04:00)
Dünən Ali Məhkəmədə Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin şikayətinə baxılıb.

C. Həsənlinin vəkili Hafiz Həsənovun AzNews.az-a verdiyi məlumata görə, hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ali Məhkəmənin qərarı qüvvədə saxlanılıb və C. Həsənlinin iddiası təmin edilməyib.

Vəkil deyib ki, iddiaçı tərəf Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət etməyi də düşünür.
Qeyd edək ki, 17 oktyabr 2013-cü ildə Mərkəzi Seçki Komissiyasında (MSK) 9 oktyabr prezident seçkisinin yekun nəticələri müzakirə olunub və yekun protokol MSK üzvü Akif Qurbanov istisna olmaqla digər 17 üzvün imzası ilə qəbul edilib. Ancaq prezidentliyə namizəd Cəmil Həsənli Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, MSK-nın prezident seçkisinin nəticələri üzrə yekun qərarı və yekun protokolunun ləğvi ilə bağlı şikayət edib.

Oktyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə şikayət müzakirə edilib və şikayətə baxılmadan geri qaytarılması barədə qərar qəbul edilib.

Ramil Məmmədli
AzNews.az