Aynur Camalqızı Ramil Usubova müraciət etdi

25 Oktyabr 2013 13:13 (UTC+04:00)
Sabiq millət vəkili Aynur Camalqızı daxili işlər naziri Ramil Usubova müraciət edib.


"Qafqazinfo" xəbər verir ki, buna səbəb hüquqşünas Mehman Muradlının Aynur Camalqızının rəhbərliyi altında yeni açılan axar.az saytının əməkdaşı Sona Yaqubovanı döyməsidir.

Artıq Aynur Camalqızı hadisə ilə bağlı görüntüləri Daxili İşlər Nazirliyinə təqdim edib və Mehman Muradlı barədə ölçü götürülməsini tələb edib.

Qeyd edək ki, dünən axar.az-ın redaksiyasında baş verən hadisə ilə bağlı eks-deputat status da yazmışdı:

"Evdə arvadını döyə bilməyən gəlib mənim ofisimdə qadına əl qaldırır. Bunun cavabını necə lazımdı verəcək. Kişilik nədir, hələ gedin öyrənin, sonra yumruq atmaq istəyin. Şərəfsizliyin kubudur bu. Güzəşt olmayacaq...."

Mehman Muradlı isə Musavat.com-a açıqlamasında bildirib ki, həqiqətən axar.az saytının redaksiyasına gedib. Amma, o, Sonna Yaqubovanı vurduğunu təkzib edib: "Aynur Camalqızı haqqımda yalan məlumat yaymaqla yeni yaratdığı saytı reklam etmək istəyir". Mehman Muradlı deyib ki, əgər hüquq-mühafizə orqanlarına şikayət edilsə, o da qarşılıqlı şikayət verəcək.