Naxçıvanda beynəlxalq seminar keçirilir- Foto

28 Oktyabr 2013 10:43 (UTC+04:00)

Naxçıvanda "Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair" (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük beynəlxalq seminar öz işinə başlayıb.

Azərbaycan Hüquqşünasları Konfederasiyasından AzNews.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə keçirilən seminar açılışında muxtar respublikanın Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvanda aparılan məhkəmə hüquq islahatları barədə çıxış edib.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin rəhbəri və Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli Naxçıvanda aparılan islahatlara diqqət çəkərək qeyd edib ki, prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikasında da məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer də tədbirin əhəmiyyəti haqda danışıb.

Tədbirdə Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev və Fazil Mustafa çıxış ediblər.

Daha sonra mövzular ətrafında müzakirələr aparılıb.

Seminarda Naxçvan MR Ali Məhkəməsinin hakimləri, rayon məhkəmələrinin hakimləri, Naxçıvan MR Prokuroru, Naxçıvan MR Ombudsmanı iştirak ediblər.

AzNews.az