Qardaşı Yeqor Şerbakovun dəfnindən danışdı
29 Oktyabr 2013 11:55 (UTC+04:00)
"Mətbuatda Yeqor Şerbakovun guya sağ olması ilə bağlı yayılan məlumatlar qardaşımın nəşinə və ailəmizə qarşı hörmətsizlikdir".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında oktyabrın 10-da Rusiya paytaxtında qətlə yetirilən 25 yaşlı Yeqor Şerbakovun qardaşı Anton Şerbakov bildirib. Onun sözlərinə görə, qardaşının sağ olması ilə bağlı məlumatlar cəfəngiyyatdır: "Bu xəbərləri kim yayır, bilmirəm. Amma bunu demək istəyirəm ki, ölən şəxsin özünə və ailəsinə hörmət etmək lazımdır. Qardaşımın ölümündən heç 40 gün keçməyib. Zəng edib məndən qəbrin yerini soruşurlar. Bu qədər də olmaz axı! Qoyun Yeqorun 40-ı çıxsın. Ondan sonra onun qəbrini görüntüləməyə icazə vermək olar. Amma bu barədə ailəmin razılığı olmalıdır. Onlar razılıq versələr, 40-ı çıxandan sonra bu barədə fikirləşmək olar".
Qeyd edək ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakov bıçaqla öldürülüb. Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Y. Şerbakovun qətli Moskvada kütləvi iğtişaşlara səbəb olub. Rus millətçiləri oktyabrın 13-də Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzinə və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, oradakı miqrantları döyüblər. Nəticədə Moskva hökuməti "Pokrov" meyvə-tərəvəz bazasını bağlayıb. Bundan başqa, Rusiyada miqrantlara qarşı silsilə əməliyyatlar həyata keçirilir.
AzNews.az