Abutalıbov test imtahanı keçirəcək – Bağçalarda həyəcan

30 Oktyabr 2013 13:57 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti uşaq bağçalarının müəllimlərini attestasiyadan keçirəcək.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, BŞİH-nin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə artıq bununla bağlı paytaxtın uşaq müəssisələrinə xəbərdarlıq məktubu göndərilib. Bağça müdirləri müəllimlərlə iclas keçirərək, attestasiyaya ciddi hazırlaşmağı tapşırıb və attestasiyadan keçməyəcəkləri təqdirdə işdən kənarlaşdırılacaqlarını bildirib.

Bağça müəllimlərinin narahatlığına səbəb olan əsas məsələ isə attestasiyanın test yolu keçirilməsi barədə məlumatlardır. Xüsusilə yaşlı müəllimlər bilik və bacarıqlarının test üsulu ilə yoxlanmasını məqbul hesab etmirlər. Attestasiyanın noyabrın 23-ə təyin edildiyi də daxil olan məlumatlar arasındadır.

Bağça müəllimlərinin attestasiyadan keçiriləcəyi ilə bağlı xəbəri BŞİH-nin nəzdində yeni yaranan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də təsdiqləyiblər.

İdarədən AzNews.az-a bildirilib ki, attestasiya BŞİH-nin nəzdində olan dövlət uşaq bağçalarını əhatə edəcək:

"Uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra bu ilk attestasiya olacaq. Attestasiya paytaxtda qurumun nəzdindəki bütün dövlət uşaq müəssisələrini əhatə edəcək. Bununla bağlı artıq bağçalara məktub göndərilib, hazırlıq işləri aparılır".

Elnarə
AzNews.az