Həbsxanada ömürlük məhkumun nikah mərasimi keçirildi
30 Oktyabr 2013 14:34 (UTC+04:00)
Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında saxlanılan ömürlük məhkum Sergey Strelyayevlə Lüdmila Alenikovanın nikah mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili üzrə İdarənin rəisi vəzifəsini icra edən Rafiq Ramazanov, jurnalistlər, məhkumun ailə üzvləri iştirak edib.
Mərasimdə çıxış edən R. Ramazanov Sergey Strelyayevlə Lüdmila Alenikovaya xoşbəxtlik arzu edib. O, bildirib ki, Azərbaycanda məhkumların saxlanılması üçün hər bir şərait yaradılıb: "Məhkumlar yalnız azadlıq hüququndan məhrum ediliblər. Onlara bütün şərait yaradılıb. Hər zaman Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən məhkumların saxlanılması, həyat və şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür".
R. Ramazanov cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlardan evlənənlərin olduğunu da bildirib: "Bizim müəssisələrdə nikaha daxil olan məhkumlar var. Lakin ömürlük olaraq azadlıqdan məhrum edilmiş şəxsin nikaha daxil olması birinci dəfədir".
Daha sonra Qaradağ Rayon Qeydiyyat İdarəsinin rəisi Tamella Babayeva çıxış edib. S. Strelyayev və L. Alenikovanın nikahını rəsmiləşdirilib.
S. Strelyayev isə jurnalistlərə müsahibəsində ailə qurmağın böyük məsuliyyət olduğunu deyib: "Lüdmila ilə iki il əvvəl mənim şerlərimdən ibarət kitabın təqdimatı keçirilən zaman tanış olduq. Sonra məktublaşmağa və telefonla danışmağa başladıq. Lüdmila mənim ziyarətimə də gəlirdi. Elə görüşlərin birində ona evlənmə təklif etdim. O da qəbul elədi və bu qərarı birlikdə verdik. Hesab edirəm ki, sevən insanlara şərait və məsafə mane olmur. Allah sevgi hissi yaşamağı və xoşbəxt olmağı hər kəsə qismət eləsin. Bizə yaradılan şərait üçün isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm".
Qeyd edək ki, L. Alenikova Rusiya ali məktəblərindən birinin üçüncü kursunda təhsil alır.
AzNews.az