Diplomat!!!

31 Oktyabr 2013 10:23 (UTC+04:00)
"Diplomat"!!! Hələ məktəb illərində bu sözü eşidəndə, marağım heyranlığım var idi. Rəhmətlik atamın söhbətlərində hər hansı Azərbaycanlının xarici ölkələrdə SSRİ-nin diplomatı kimi fəaliyyət göstərməsi barədə məlumatları bizə danışanda nə qədər fərəh, qürur hissi keçirdiyini, və bu peşənin nə qədər məsuliyyətli bir peşə olduğunu dediyini eşitmişdim. O zaman ölkəmiz müstəqil deyildi. Lakin neçə-neçə azərbaycanlı oğulları xarici ölkələrdə nə vaxtsa Vətənimiz olan SSRİ-nin maraqlarını qoruyurdu.

...İndi zaman o zaman deyil. Şükür Allaha ki, Müstəqil Vətənimiz, Müstəqil Diplomatiyamız var. Bu sətirləri yazmaq bir azəri qızı kimi mənə qürur gətirir. O ki, ola bu Dövləti təmsil edən də artıq öz diplomatlarımız, öz vətəndaşlarımızdır. Onların layiqliləri, şərəfliləri haqqında yaxşı söz eşidəndə, fərəhlənirsən. Müstəqil Azərbaycanın yetişdirdiyi gənc bir diplomatımızın qürbətdə Vətənimizi, dövlətimizi necə böyük rəşadətlə təmsil etdiyindən yazıram. Rəşad Məmmədovdan danışmaq istəyirəm. Ən azı ona görə Rəşad Məmmədovdan danışacam ki, bəzən diplomatiyamızı diplomat ola-ola təmsil etməkdənsə, öz maraqlarını güdənlər bir balaca dərs götürsünlər.

Kuryerlikdən diplomatiyaya...


...17 yaşında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində kuryer işləyib. Həm də ali məktəbdə oxuyub. 19 yaşında 1992-ci ilin aprel ayında isə, işindən , hətta təhsil ocağından könüllü imtina edib, könüllü birləşmələrə qoşulub Göranboy hərbi hissəsində döyüşlərə gedib. Onun könüllü dəstədə vuruşduğu vaxt mərhum Heydər Əliyev müharibə bölgəsinə səngərlərə gələrkən, əsgərləri döyüş qabiliyyətinin artırılması və həvəsləndirilməsi üçün ən yaxşı döyüşçüləri mükafatlandırılmasını istəyib.

Həmin vaxt yeni yaranmaqda olan Milli Ordumuzun N saylı hərbi hissəsində iki zabit rütbəsi alanlardan biri 20 yaşlı Rəşad Məmmədov olub. Daha sonra hərbi prokurorluqda prokuror köməkçisi kimi fəaliyyət göstərib. Günlərin bir günü isə, Azərbaycanın Xarici İşlər Nazirliyində işləmək keçib könlündən. Sənədlərini verib. Keçib. O gündən illər keçdi. Rəşad Məmmədov əsil diplomat kimi püxtələşib.

Və 2008-ci ilin sentyabr ayının 5-dən Qazaxıstanın Qərb regionu üzrə Aktauda yeni yaradılan Baş Konsulluğa Baş konsul təyin edildi. Bu təyinatla isə Qazaxıstanın Qərb regionunda yaşayan Azərbaycanlıların güzəranı və onlara olan münasibət dəyişdi. Mənim də ilk görüşüm gənc diplomatımızla həmin 2008-ci ilin sentyabr ayında olmuşdu. Hələ nə yeri var idi, nə yurdu. Tam bir ay keçəndən sonra, artıq Aktau şəhərində Azərbaycan Baş Konsulluğunun Bayrağı çox ucalarda dalğalanırdı. Dövlət başçısının ona etdiyi etimadı doğrultmaq üçün, gecəsini gündüz elədi. Ancaq zəhməti də bəhrə verdi. Mütəmadi olaraq mənə göndərdiyi materiallar, informasiyalar oldu.

Onun hazırladığı tədbirləri Azərbaycan Televiziyasında çox böyük həvəslə işıqlandırıram. Baş konsulluqda rəhbərlik etdiyi cəmi 6 nəfərin qüvvəsi ilə gördüyü işləri əslində 15-20 nəfər əməkdaşı olan diplomatik korpuslarımız bəzən görə bilmirlər. Diplomat Rəşad Məmmədovun təşkil etdiyi tədbirlər isə hər zaman masştabından böyük, daha yadda qalan, daha maraqlı olur. Regionda ən çox azərbaycanlının qeydiyyatda olduğu bölgə sayıldığından bu il prezident seçkilərini Aktaudan işıqlandırmaq tapşırığı aldım.

Baş konsulluğumuzda səhərə seçki məntəqəsi hazırlanmalı idi. Rəşad Məmmədov həmin 5 nəfər əməkdaşı ilə qollarını çırmayıb, Baş konsulluqdakı seçki məntəqəsini hazırlayırdılar. Əməkdaşlarla davranışında isə heç onlardan seçilmirdi. Bir qardaş, dost misallı idi münasibəti. Seçkiyə iki gün qalmış isə yarım saatdan bir Aktau, Atrau, Janauzen şəhərindən gələn iş adamlarımız, diasporamızın fəalları hansı köməyi edə biləcəklərini, necə yardım göstərmək istədiklərini izhar edirdilər. Diaspora təşkilatlarını diplomatik korpuslara və nümayəndəliklərə gətirmək, əksər hallarda problem olduğu halda, Aktaudakı diaspora təşkilatları Azərbaycanın Baş konsuluna hansı köməyi edə bilmələri üçün sözün həqiqi və yaxşı mənasında canfəşanlıq edirdilər.

5 ildə nələr oldu...

2008-ci ilin sentyabrından bu ilin bu gününə qədər Azərbaycanla Qazaxıstan dörd vilayəti – Mangistau, Qərbi Qazaxıstan, Atırau və Aktyubinsk arasında yaratdığı körpünün üstündə nələr durur.

İndi onları sadalayıram.

Azərbaycanın iki böyük sənaye şəhəri Sumqayıt –Aktau, Şirvan-Atırau qardaşlaşmış şəhər oldular. Hər iki ölkənin iqtisadi-ticarət və mədəni əlaqələri genişlənməyə və öz bəhrəsini verməyə başladı. Bu illər ərzində beş böyük BİZNES FORUM keçirdi .İlk dəfə olaraq xarici olkədə biznes fəaliyyəti ilə məşqul olan azərbaycanlı iş adamlarının hüquq və mənafelərinin qorunması üçün "Azərbaycan Biznez və İnvestisiyasi Assosiasiyası" yaradıldı. Bu illər ərzində 10 mindən artıq insan Aktaudakı Baş konsulluğumuza kömək üçün müraciət etdi. Hətta Qazaxıstanın başqa regionlarında yaşayan, işləyən həmyerlilərimiz də işlərinin maneəsiz düzələ biləcəyindən əmin olduqlarından, Aktaudakı konsulluğa üstünlük verdilər.

Statistik göstəricilərə görə 5-6 min, lakin adi halda 10 min vətəndaşımızı yaşadığı regionda hər kəsin üzünə açıq oldu konsulluğun qapısı. Qışın soyuğunda, yayın istisində onları get-gələ salmadı, ən xırda, ən böyük problemlərini də həll etməyə çalışdı. Bu ilin fevral ayından isə regionun ən böyük təhsil ocağı sayılan Ş.Yesenov adına Kaspiy Dövlət Mühəndis və Texnologiyalar Universitetində Azərbaycanın tarixi və mədəniyyəti irsinin öyrənilməsi Mərkəzi açıldı.

Elə həmin universitetin və başqa vilayətdə fəaliyyət göstərən Atırau Dövlət Universitetinin fərqlənən 5 tələbəsinə Heydər Əliyev adına birdəfəlik təqaüt verildi. Bu gün Qərb regionundan olan 20 qazax vətəndaşı Azərbaycanın Dəniz Akademiyasında təhsil alır. Azərbaycanın Politexnik Universiteti, Neft Akademiyası və Dəniz Akademiyası ilə Qazaxıstanın Kaspi Dövlət arasında əməkdaşlıq sazişləri imzalanmış və bu sazişlər çərçivəsində, dəfələrlə Qazaxıstanın ali təhsil ocaqlarının müəllimləri və tələbələri Azərbaycanda təcrübə mübadiləsi keçiblər.

Və bu görülən işlərin hər birində qardaş qazax xalqı Azərbaycanda, Vətənimizdə baş verən müsbət dəyişiklikləri, inkişafı gördü. Torpaqlarımızın erməni tapdağı altında olduğundan xəbərdar oldu. Baş konsulluğun gördüyü ən mühüm işlərdən biri isə, Azərbaycanın Azal Hava yolları ilə , qürbətdə ölən insanların cənazəsinin Azərbaycana havayı , heç bir ödənişsiz aparılmasına nail olmasıdır.

Mehribanlıq səadətdir

Rəşad Məmmədovla söhbətimizdə bildirdi ki, konsulluq açılana qədər buradakı insanlar milliyyətindən və irqindən asılı olmayaraq, Azərbaycan haqqında Sovetdən qalan məlumatlara malik idilər. Ən əsası isə Azərbaycan gəncliyindən ibarət böyük bir gənclik ordusu yaratmağa nail oldu. Həmin gənclərin köməkliyi ilə http://xocali.kz saytını yaradaraq, bilməyənlərə, separatist damğası vurmaq istəyənlərə də başa saldı ki, burada yaşayan gənclər öz tarixi vətənlərindən xəbərdar olmalıdırlar.

Soruşdum ki, adətən səfirliklərlə, diplomatik nümayəndəliklərlə icma və diaspora çətin dil tapır. Bu məhəbbəti, hörməti ,necə qazandınız?! Bu birliyə necə nail oldunuz?!

Cavabı:

- Mən heç zaman özümü onlardan yuxarı tutmadım. Onlara yalan demədim, yalan vədlər vermədim. Çox təmkinlə dinləyib dərdlərindən, şikayətlərindən, arzularından hali oldum. Bütün görüşlərdə vətəndaşlarımıza fərq qoymadım. Hər birini mehribanlığa səslədim. Vətəndaşımızın ən pisi də, ən yaxşısı da bizimdir.

Bildirdim ki, biz cinayət edənlərlə dost deyilik, ancaq lazım olanda hüquqlarını qoruyacağıq. Bizə sağlam təfəkkürlü vətəndaşlarımız dost ola bilər. Bu gün regionun bütün azərbaycanlıları və burada doğulan soydaşlarımız bilirlər ki, onların arxasında Azərbaycan dövləti, Azərbaycanın Aktaudakı Baş konsulluğu durur. Hər hansı bir regiona səfər edərkən, əvvəlcə vətəndaşlarımız və həmyerlilərimizlə görüşərək, onların problemlərini dinləyib, sonra vilayətin məsul şəxsləri ilə görüşürəm. Elə həmin görüşlərdə həlli mümkün problemləri həll edirik.

Xarici ölkələrdə yaşayan vətəndaşlarımızın və hüquqi şəxslərimizin, yəni şirkətlərimizin hüquq və mənafelərinin diplomatik nümayəndəliklərimiz tərəfindən qorunması , ölkəmizin imicinin xarici ölkələrdə yüksəldilməsi, Azərbaycanın dostları ilə əlaqələrin möhkəmləndirilməsi, ölkəmizdə gedən inkişaf prosesinin başqa ölkələr ictimaiyyəti arasında düzgün və dolğun işıqlandırılması, Azərbaycanın işğala məruz qalan ərazilərinin və işğal nəticəsində 1 milyon qaçqın və köçkünlərimizin pozulmuş hüquq və mənafelərinin beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim xüsusi diqqəti mərkəzindədir. Biz onun diplomatların qarşısında qoyduğu tapşırıqlara əməl edirik. Bütün bu tapşırıqların icrasına nəzarəti Xarici İşlər Nazirliyinin həyata keçirilir. Biz də Vətən naminə, vətəndaşlarımızın rifahı naminə üzərimizə düşən işlərin öhdəsindən gəlməli, etimadı doğrultmalıyıq.

Rəşad Məmmədovla cəmi üç dəfə görüşmüşəm. Hər üç görüşüm də ürəyim fərəhlə dolub. Sevinmişəm ki, nə yaxşı ki, Vətəndən kənarda bizim uca dövlətimizi belə şərəflə, ləyaqətlə təmsil edən DİPLOMATımız var. Bir diplomat təyin olduğu ölkədə, tərbiyəsi, əxlaqı ilə nümunə olub, cibinin mənafeyini deyil, ən əvvəl vətəninin mənafeyini güdməlidir. Unutmamalıdır ki, onun atdığı hər addım izlənilir, gözlənilir, yazılır, tarixə düşür. Axı hər şeydən ÖNCƏ VƏTƏNDİR!!!

Aida Eyvazova,
Azərbaycan Televiziya və Radio Verilişləri
QSC-nin Özbəkistan Respublikası və Mərkəzi Asiya Ölkələri üzrə müxbir postunun rəhbəri