“Milli Şura müxalifəti idarə edə bilməyəcək” – Müsahibə
31 Oktyabr 2013 11:13 (UTC+04:00)
İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamalın AzNews.az-a müsahibəsi:
- Vidadi bəy, İctimai Palatanın buraxılması ilə bağlı fikirlərə münasibətiniz necədir?
- Cəmiyyətdə səs-küy yaradan məsələlərdən biri İctimai Palatanın buraxılması ehtimalıdır. Bu məsələ müzakirəyə çıxarılmalıdır.
Düşünürəm ki, İctimai Palata son 3 il ərzində müxalifətin ərsəyə gətirdiyi ən uğurlu qurumlardan birinə çevrilib. İctimai Palata 65 rayonda özünün yerli strukturlarını yarada bilib. Üzvlərimizdən 17-si siyasi motivlərlə həbs olunub. İctimai Palata ictimai-siyasi həyatına bilavasitə reaksiya verən, mitinqlər təşkil edən, xeyli dinləmələr keçirən bir təşkilatdır.
Sonradan isə İctimai Palata mövcud olduğu halda Milli Şura yaradıldı və bu qurum da son prezident seçkilərində öz namizədi ilə iştirak etdi. Artıq seçkilər arxada qalıb. Seçkilərlə bağlı xeyli rəylər də verilib. Həyat davam edir, müxalifət də öz işini yenidən qurmalıdır.
Düşünürəm ki, İctimai Palatanın fəaliyyətinin dayandırılması üçün 4 şərt lazımdır. Milli Şura bu 4 şərtə əməl etməlidir. Əgər Milli Şura həmin 4 şərti yerinə yetirərsə, İctimai Palatanın buraxılması ilə bağlı məsələ müzakirəyə çıxarıla bilər.
- Bu şərtlər hansılardır?
- Milli Şuranın idarə olunmasına aydınlıq gətirilməlidir. Yəni, Milli Şuranın idarə edən rəhbər orqanları hələ təşkil olunmayıb. Ona görə birinci şərtimiz budur ki, Milli Şuranın rəhbər orqanları formalaşmalıdır. Biz Tiflis səfərində bu barədə Milli Şura sədri Rüstəm İbrahimbəyova öz mövqeyimizi bildirmişdik. Təkliflərimizdən biri də Milli Şuranın komissiya sədrlərindən və aparıcı partiyaların rəhbərlərindən ibarət məşvərətçi qurumu təşkil olunmasıdır.
Bu qurum Milli Şuranı idarəçiliyi və onun adından bəyanatlar vermək səlahiyyətinə sahib olmalıdır. Adının nə olması önəmli deyil, yetər ki, mütəmadi toplaşıb Milli Şuranın qarşısında duran vəzifələri müzakirə edib qərar qəbul edə bilsin. Milli Şuranın yerli təşkilatları da formalaşmalıdır. O vaxt biz təklif etdik ki, İctimai Palatanın 65 rayon təşkilatı Milli Şuranın strukturuna verilsin. Bu da mümkün ola biləcək variantlardandır. Vacib məsələnin digəri isə Milli Şuranın tərkibi ilə bağlıdır. Bu prezident seçkiləri sübut elədi ki, Milli Şuranın üzlərinin bəziləri ümumiyyətlə iştirakdan kənarda qaldı.
Bəziləri isə Milli Şuranın əleyhinə açıq-aşkar müxalifəti aşağılayan bəyanatlarla çıxış edib. Bu da bir daha sübut edir ki, Milli Şuranın tərkibi bir daha təmizlənməlidir. Şərt o deyil ki, Milli Şuranın tərkibi 150 nəfər olsun, bu say 50-də ola bilər. Üzvlərimiz sadiq insanlara olmalıdır. Yəni, optimal bir tərkib müəyyən edib, Milli Şura öz yoluna davam etməlidir. Dördüncüsü, və ən vacib məsələ Milli Şuranın rəhbərliyi ilə bağlıdır. Rüstəm İbrahimbəyov sədr seçildi.
Lakin onun sədr kimi qalması Milli Şuranın rəhbərliyində heç bir effekt yaratmayıb. Bunun da səbəbi bəllidir. Çünki o, fəaliyyəti zamanı Azərbaycanda olmayıb, uzaqdan isə Milli Şuranı idarə etmək mümkün deyil. Bunun isə iki yolu var.
- Bu hansı yollardır?
- Ya Rüstəm İbrahimbəyov öz razılığı ilə getməli, Cəmil Həsənli sədr olmalıdır. Yaxud da Rüstəm İbrahimbərov sədr kimi qalmaqla həmsədrlik institutu yaradılmalıdır. Cəmil Həsənli ilə Rüstəm İbrahimbəyov birgə sədr olmaqla bu prosesləri aparmalıdır.
Yalnız bu 4 şərti qəbul etdikdən, Milli Şura idarəolunan bir orqana çevriləndən sonra İctimai Palatanın fəaliyyətinə xitam verilə bilər. İctimai Palatanın tərkibində olan qüvvələrin 95 faizi bu gün Milli Şurada da təmsil olunur. İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan Pənah Hüseyn, İlqar İbrahimoğlu və Rauf Arifoğlu Milli Şuradan kənarda qalıb. Əlbəttə, onların da razılığı alınmalıdır. Desələr ki, biz Milli Şurada təmsil olunmaq arzusundayıq, o zaman onları da rəhbər orqanlara daxil edib İctimai Palatanın buraxılması müzakirəyə çıxarıla bilər.
- Belə çıxır ki, İctimai Palatanın buraxılması 3 şəxsdən asılıdır?
- Yaxşı mənada təşkilatlanmış bir qurumu buraxıb, onun yerində dağınıq və strukturu olmayan bir orqana üzv olmaq mənim nəzərimdə yanlışlıq olardı. Bu bizim üçün fəsadlar törədə bilər. Bu məsələlər artıq müzakirədədir. Danışıqlar gedir. Yəqin ki, rəylər açıqlanacaq.
- Milli Şuranın gələcəyini necə görürsünüz?
- Milli Şura bu formada müxalifəti idarə etmək qabiliyyətində olmayacaq. Çünki bura daxil olan qüvvələrin və ayrı-ayrı partiyaların məqsədi və məramı var. O mənada əgər biz bu formada fəaliyyətimizi davam etdirəcəyiksə, partiyaları zorla daxil edib, onun hüquqlarını məhdudlaşdırıb, onun bir hissəsini Milli Şuraya versək, yenə də müxalifət öz məqsədinə çatmayacaq. Milli Şuranın mövcudluğu bir çox partiyaları tənbəlləşdirib.
Milli Şuraya arxayın olub öz partiyalarında təşkilatı, struktur işlərini dayandırıblar. Təklif edirəm ki, Milli Şuranı bu statusda saxlamaq 2015-ci il parlament seçkilərində uduzmaq deməkdir. Milli Şura özünün strukturunu müəyyənləşdirəndən sonra bir məsələni diqqətdə saxlamalıdır. Yəni, bu Milli Şura nə orqandır? Məşvərətçi, yoxsa seçki bloku? Milli Şura hər hansı bir hədəfə çatmasa, bir müddətdən sonra bunların da arasında intriqalar başlayacaq.
Nəticədə Milli Şuranın da taleyi tarixə dönmüş qurumların arasında yer alacaq. Təklif edirəm ki, Milli Şuranı məşvərətçi orqandan seçki blokuna çevirək. Bununla şura 125 dairədə özünün mövqeyini möhkəmləndirməlidir.
Bahar Rüstəmli
AzNews.az