“Qərarlar icra edilmir və əlbəttə, bu, dözülməz bir faktdır"“ - İlham Əliyev
31 Oktyabr 2013 22:20 (UTC+04:00)
Məum olduğu kimi, Bakı bu dəfə üçüncü dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi elədi.
Forumda çıxış edən prezident İlham Əliyev 70 dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi bu toplantıda bəyan edib ki, bir milyondan çox qaçqın və məcburi köçkün doğma torpağına qayıtmalıdır: "Torpaqlarımızın 20 faizi işğal altındadır və işğal edilmiş ərazilərdə bizim bütün mədəni sərvətimiz, bizim tarixi, dini abidələrimiz dağıdılıb. İki dəfə beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqelərini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxardılmasını tələb edir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarlar, bu qətnamələr icra edilmir və burada biz beynəlxalq təşkilatların səmərəliliyindən söhbət açmalıyıq. Onların qəbul etdiyi qərarlar kağızda qalıb, icra edilmir və əlbəttə, bu, dözülməz bir faktdır".
İlham Əliyev vurğulayıb ki, bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir, Azərbaycana gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır: "Məsələ ilə bağlı danışıqlar aparılır və əlbəttə ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir, bir milyondan artıq qaçqın, köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Bu, onların fundamental hüquqlarıdır. Bu münaqişə, eyni zamanda insan haqlarının kobudcasına pozulması deməkdir".
Dövlət başçısı bildirib ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağına qayıda bilmir: "Bu çox böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizin ümumi inkişafına çox böyük zərbə vurmuşdur. Və bugünkü Azərbaycanın inkişafı daha da çox diqqət cəlb edir, çünki bu inkişafı biz işğal edilmiş vəziyyətdə əldə edə bilmişik".
Dövlət başçısının çıxışının əsas məqamlarından biri də multikulturalizmlə bağlı olub. İlham Əliyev multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu vurğulayıb.
3-cü Bakı Beynəlxalq humanitar əməkdaşlıq Forumunda dünyanın 70 ölkəsindən, 800-ə yaxın nümayəndə, o cümlədən keçmiş prezidentlər, dövlət xadimləri, Nobel mükafatçıları iştirak edirdi. Açılış mərasimində çıxış edən prezident İlham Əliyev bu tədbirin ölkəmizdə keçirilməsinin təsadüfi olmadığını bildirib.
"21-ci əsrdə multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya. Amma biz buna yol verə bilmərik.
Biz artıq beynəlxalq təşkilatların səmərəliyindən danışmalıyıq. Beynəlxalq təşkilatların bəzi qərarları saatlar içində yerinə yetirilir, bəziləri 20 ildir yerinə yetirilmir".
Forumun digər mövzusunun iqtisadiyyatla bağlı olduğunu deyən dövlət başçısı son 10 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə, büdcə gəlirlərinin 20 dəfə artdığını, bütün bunların da insanların sosial vəziyyətinə müsbət təsir etdiyini deyib. Dövlət başçısının sözlərinə görə, bəzi dövlətlərdən fərqli olaraq Azərbaycan bütün bu uğurlara daxili gücü hesabına, özü də işğal şəraitində nail olub.
Daha sonra Rusiya prezidentinin nümayəndəsi Mixail Şvıdkoy Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub.
Açılış mərasimində Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl də çıxış edərək Azərbaycanın qısa müstəqillik dövründə əldə etdiyi uğurlara görə sevindiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən iclasda çıxış edən Estoniyanın sabiq Prezidenti Arnold Rüütel ölkəsində həyata keçirilən islahatlardan danışıb.
"Problemlərə humanist yanaşma dəyərlər üzərində qurulmalıdır", - deyən Arnold Rüütel vurğuladı ki, Estoniya Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramını dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. O, davamlı inkişaf, elmi-texniki innovasiyalardan geniş istifadə və sosial məsələlərin həlli ilə bağlı fikirlərini çatdırıb.
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç bu Beynəlxalq Forumun dünyanı narahat edən ən mühüm məsələlərin müzakirəsinə həsr edildiyini dedi. Bildirdi ki, indi vahid Avropanı multikulturalizmsiz düşünmək çox çətindir. Yalnız bu halda Avropa İttifaqını səmərəli qurum kimi qəbul etmək olar, çünki dünyanın gələcəyi multikulturalizmin təmin olunmasından keçir.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Prezident İlham Əliyevə Forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Çıxışında cəmiyyətlərdə savad və bilik məsələlərinə toxunan E.Konstantinesku bunun bütün cəmiyyətlərdə inkişafın təməli və müasir dünyanın lokomotivi olduğunu deyib.
Latviyanın keçmiş Prezidenti Valdis Zatlers də artıq III dəfədir keçirilən Forumun yüksək təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da çıxışında dünyada multikulturalizm ənənəsinin davam etdirilməsinin, onun ilk növbədə həyat tərzinə çevrilməsinin vacibliyini vurğuladı, bu məsələdə Latviya təcrübəsini Forum iştirakçıları ilə paylaşdı.
Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. "Bakı Humanitar Forumu ideyaların və təcrübə mübadiləsinin bir növ laboratoriyasıdır", - deyən Georgi Pırvanov iqtisadi münasibətlərdən danışarkən enerji və nəqliyyat məsələlərinə xüsusi diqqət ayırıb. O, Forum iştirakçılarının tərkibinin intellektual baxımından müzakirələrin uğurlu alınacağına təminat verdiyini deyib.
"Bakı ildən-ilə öz əhəmiyyətini artırır. Əminəm ki, bu cür nüfuzlu şəxsləri bir araya gətirərək müxtəlif mövzular üzrə müzakirələrin aparılması vacibdir". Bu sözləri isə Serbiyanın keçmiş Prezidenti Boris Tadiç dedi. O, beynəlxalq ictimaiyyəti təhdid edən münaqişələrin həllinin vacibliyinə diqqəti cəlb edərək bildirdi ki, indi dünya birliyinin əvvəlki kimi təsiredici təəssürat bağışlamaması təəssüf doğurub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müzakirələrə qoşularaq Prezident İlham Əliyevin nitqində səsləndirdiyi multikulturalizm ideyasının əslində bütün çıxışların təməl prinsipinə çevrildiyini, bununla bağlı Avropa ənənəsinin diqqət mərkəzində olduğunu dedi. Nazir bildirdi ki, sabiq dövlət başçılarının səsləndirdiyi fikirlər bir daha multikulturalizmin alternativinin olmadığını təsdiqləyib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin şəffaf, ədalətli və obyektiv keçdiyini dedi və seçki günü apardıqları müşahidələrin də bunu təsdiqlədiyini vurğuladı. Forumun ənənəvi hal almasını yüksək dəyərləndirən Xəlil Akıncı son illərdə rəhbərlik etdiyi təşkilatın xətti ilə həyata keçirilən humanitar layihələrdən danışıb.
Forum panellərdə işini sabah da davam etdirəcək.