Elnarə Tofiqqızının ölümü ilə bağlı istintaq hərəkətləri niyə aparılmır?
7 Dekabr 2013 11:50 (UTC+04:00)
"Tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi aradan iki ay yarım ötməsinə baxmayaraq, heç bir ciddi istintaq hərəkəti aparılmayıb. Faktiki olaraq istintaq donmuş vəziyyətdədir. Halbuki istintaq hərəkətlərini zəruri edən ifadələr vermiş, iddialar qaldırmışam".
Bu sözləri həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkən Anar Niftəliyev AzNews.az-a deyib.
İşin gedişi ilə bağlı prokurorluqda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev isə qısa açıqlama ilə kifayətlənib: "Hazırda mümkün olan zəruri istintaq tədbirləri gedir. İstintaq başa çatdıqda obyektiv qərar qəbul ediləcəyinə şübhəniz olmasın".
Qeyd edək ki, baş verən həkim məsuliyyətsizliyi ilə bağlı müstəqil araşdırma aparılır. Bu barədə danışan zərərçəkmişin vəkili, hüquqşünas Səməd Vəkilov səhiyyə mütəxəssislərinin rəyini alacaqlarını bildirib:
"İstintaqa iddialar təqdim etmişik və araşdırmalar aparılmasını gözləyirik. Təəssüf ki, yola saldığımız həftə o iddialarla bağlı heç bir addım atılmadı. Həmçinin xəstəliklə bağlı tibb ekspertlərinin müstəqil rəyinin alınması ilə də məşğuluq. Bilirsiniz ki, mərhum Elnarə Tofiqqızının ölümündən əvvəl ölkənin bir sıra xəstəxanalarında müayinələri həyata keçirilib. Aparılan müayinə sənədləri əlimizdədir. Biz həmin müayinə sənədlərinə uyğun müstəqil həkim rəyləri alacağıq".
AzNews.az