Səhiyyə nazirinin müavini ana ölümündən danışdı- VİDEO
18 Dekabr 2013 08:22 (UTC+04:00)
Bu ilin 11 ayı ərzində ölkədə doğuş zamanı 23 ana ölümü hadisəsi qeydə alınıb. Hadisələr həm həkim səhlənkarlığı, həm də ana olmağa hazırlaşanların məsuliyyətsizliyi səbəbindən baş verib. Tibbi ekspertlər hesab edirlər ki, ölkədə ana ölümlərinin sayının artmasına səbəb hamiləliklərin az qala 90 %-nin pataloji vəziyyətdə keçməsidir, yəni normal fizioloji parametrlərə uyğun olmamasıdır.
Həkim Adil Qeybulla deyir ki, hamiləlik dövründə qadınlar çox vaxt zamanında həkimə müraciət etmirlər. Vaxtaşırı həkim nəzarətində olmama isə hamiləliyin gedişatını izləməyə imkan vermir, bu da sonda bədbəxt hadisələri qaçılmaz edir. Ekspertin fikrincə, hamiləlikdə düzgün, işində peşəkar həkimin seçilməsi də əsas amillərdəndir.
Xarici ölkələrin təcrübəsində bu cür problemlərin daha az yaşandığını deyən ekspert Azərbaycandan fərqli olaraq, həmin ölkələrdə həkimlərin özfəaliyyət ilə məşğul olmalarına icazə verilmədiyini bildirdi. Yəni, onlar Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu xüsusi təlimatlar əsasında işləyirlər ki, bu da ana ölümü kimi halların baş vermə faizini 0-a endirir.
Ana ölümlərinin səbəblərini araşdıran Səhiyyə Nazirliyi və Bakı Səhiyyə İdarəsi isə hamilə qadınların 9 ay ərzində həkimə, eləcə də, qadın məsləhətxanalarına müraciət etməsi ilə bağlı artıq xüsusi təlimlərə başlayıb.
Səhiyyə Nazirliyinin müavini Nigar Əliyeva ana ölümlərinin hər birinin Doğuşayardım Komissiyası tərəfindən araşdırıldığını və müvafiq cəza tədbirlərinin görüləcəyini bildirdi.
Bu il ana ölümündə səhvi olan 72 həkim cəzalandırılıb, 9-u işdən azad olunub.
Nazirliyin Doğuşayardım Komissiyasının apardığı araşdırmalar nəticəsində 11 ay ərzində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkimsə işdən azad olunub. Statistikaya görə, təkcə ötən il 26 ana doğuş zamanı dünyasını dəyişib və onların əksəriyyəti rayonda baş verib.(anspress)