Gürcüstanın baş prokuroru istefa verib

30 Dekabr 2013 21:32 (UTC+04:00)
Gürcüstanın baş prokuroru Otar Partsxaladze istefa verib.

APA-nın "Georgiya Online" saytına istinadən verdiyi xəbərə görə, baş nazir İrakli Qaribaşvili bu gün baş prokurorun istefasını qəbul edib.

"Baş prokuror Otar Partsxaladzenin tutduğu vəzifədən istefaya getmək qərarı düzgün və təqdirəlayiq addımdır", deyə baş nazir qeyd edib.

Otar Partsxaladze bəyanatında Baş prokurorluğun hazırda icraatında olan işlərin legitimliyini şübhə altına qoymaq istəmədiyini bildirib.

"İctimai rəyə hörmətlə yanaşaraq Baş prokuror vəzifəsindən istefaya getməyi özümə borc bilirəm", deyə Partsxaladze bildirib.

Xatırladaq ki, Tiflis meri Qiqi Uqulava bundan əvvəl yaydığı bəyanatda Baş prokuror Otar Partsxaladzenin Almaniyada qarət ittihamı məhkum olunduğunu bildirib. Baş prokurorun məhkumluğunu baş nazir İrakli Qaribaşvili də təsdiqləyib.


AzNews.az