Britaniya kəşfiyyatından Azərbaycanla bağlı şok terror iddiası

23 Avqust 2012 09:56 (UTC+04:00)


Britaniyanın tanınmış "The Telegraph" qəzeti Britaniya kəşfiyyatına istinadən sensasiyalı məqalə dərc edib. APA-nın məlumatına görə, İranın ali dini lideri Ayətullah Xamneyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Quds Force) xüsusi bölmələrinə "Eurovision" mahnı müsabiqəsi günlərində Azərbaycanda terror aktları törətmək barədə şəxsən göstəriş verib. "Terror aktlarının məqsədi Qərbi və onun tərəfdarlarını vahiməyə salmaq olub.

Kəşfiyyat həmçinin müəyyənləşdirib ki, xüsusi bölmə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı da terror hazırlayıb. Artıq ötən il onu öldürməyə cəhd edilib. O da xəbər verilir ki, terrorçular Bakıdakı İsrail diplomatlarını partlatmağı planlaşdırıblar və bu məqsədlə üç partlayış hazırlayıblar. O da məlumdur ki, ötən il Keniyada partlayıcı maddə əldə etmək istəyən iki İran vətəndaşı tutulub", - deyə məqalədə bildirilir. (http://www.telegraph.co.uk/news/worldnews/middleeast/iran/9490878/Irans-supreme-leader-orders-fresh-terror-attacks-on-West.html).

Qeyd edək ki, yerli mətbuat da İran kəşfiyyatının "Eurovision" günlərində Bakıda terror aktları planlaşdırdığı barədə dəfələrlə yazıb. Bundan başqa, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran xüsusi xidmət orqanları ilə əlaqədə olan bir neçə nəfərin zərərsizləşdirilməsi barədə açıqlama yayıb. Bütün bunlar Britaniya kəşfiyyatının versiyalarının əsassız olmadığını göstərir. Xatırladaq ki, İran hakerləri bu ilin yanvarında Azərbaycanın bir neçə dövlət orqanının saytını dağıdıblar. Onu da əlavə edək ki, İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi azərbaycanlıdır.

AzNews.az