Rəşad Ziyad Xan: “Şou-biznesdə savadsızlar saysız-hesabsızdır”

27 Avqust 2012 14:13 (UTC+04:00)
"Şeron" qrupunu keçmiş solisti Rəşad Ziyad Xan AzNews.az-ın əməkdaşına müğənnilik fəaliyyətinə başlamasından, "Şeron" qrupundan uzaqlaşma səbəblərindən və ümumiyyətlə, şou-biznes aləmində baş verən hadisələrdən danışıb.

Onun sözlərinə görə o, əslində tamam başqa sahənin adamı imiş: "İdmanla məşğul olurdum dərəcələrimdə var idi: 2 qat dünya çempionu olmuşdum, amma arada toylarda da mahnı oxuyurdum. Bir gün toyda müğənni Elxan Şirinov mənim oxumağımı dinlədi və çox bəyəndi. Bundan sonra məni Dillər Universitetindəki öz məşq zalına dəvət elədi, demək olar ki, bununla da əlimdən tutub sənət aləminə atdı. Bir mahnı toplusu çıxartdırdım adını da Elxan bəyin ideyası ilə "El məni xoşbəxt elə" qoyduq. Mahnılarım seviləndən sonra demək olar bütün şou proqramlarda iştirak edirəm. Bir neçə müddət sonra "Şeron" qrupundan dəvət aldım".

O, ekranlarda az-az görünməsinin səbəblərini də açıqlayıb: "Bu gün ekranlarda olanların 90% öz şəxsi həyatlarındakı qalmaqalları ilə məşhurlaşır. Mənə isə elə məşhurluq lazım deyil. Mən ailəmdən şəxsi həyatımdan istifadə edib öz piarımı apara bilmərəm. Mənim ailəm mənim qalamdır. Bundan başqa, mən heç kimin qulu ola bilmərəm. Mən heç kimin işarəsi ilə "Rəşad gəl burda oxu" əmrini götürə bilmərəm".

Müğənni hazırda studiya işlətdiyini və həmkarlarına imkanı qədər köməklik etdiyini bildirib: "Studiya işlədirəm və demək olar ki, müğənnilərin 70-80 faizi mənim studiyama gəlib-gedir. Aralarında sənətinə və özünə hörmət bəslədiyim o qədər adam var ki, amma səsi olmadan mahnı aranjman etdirib oxuyanların sayı ondan çoxdur. Bundan başqa, şou-biznesdə savadsızlar da saysız-hesabsızdır. Ad çəkmək istəmirəm, amma elələri var k, mənim oğlum belə onlara baxanda gülür. Söhbət təkcə musiqi savadından getmir, mənim özümün də musiqi savadım yoxdur, amma elementar dünya görüşləri belə yoxdur".

Əminə
AzNews.az