Dünya çempionu Pərviz Abdullayev: “Artıq şou vaxtıdı”
12 Sentyabr 2012 17:32 (UTC+04:00)
Onun döyüşlərinə baxanda istər-istəməz çılğın, emosional bir insan olduğunu düşünürsən. Amma redaksiyaya sakit təbiətli, mədəni bir gənc kimi gələndə təəccübümüzü gizlətmədik. Döyüşlərindəki dalaşqan idmançıdan əsər-əlamət yox idi. AzNews.az-ın qonağı kikboqsinq üzrə dünya çempionu "Kobra" ləqəbli Pərviz Abdullayevdi.
- Pərviz, niyə məhz kobra? Məsəlçün, anakonda kobradan güclüdü...
- Kobra anakondadan daha cəld ilandı, daha çevikdi. Rəqibin kim olmağından asılı olmayaraq, geri çəkilmir. Həm də anakondanın zəhəri yoxdu, sakit ilandı, kobra döyüşdə daha tez aqressivləşir. (gülür)
- İlk dəfə nə vaxt dünya çempionu olmusan?
- 2009-cu ilin oktyabrında Avstriyanın Villax şəhərində beş döyüşdə qalib gələrək, 72 kq çəki dərəcəsində dünya çempionu olmuşam. Bu, mənim ilk böyük uğurumdu. Ondan sonra mən 2010-cu ildə Bakıda dünya çempionluğu uğrunda rus idmançısı ilə döyüşdüm və qalib gəldim. 2011-ci ildə isə kəməri qorumaq üçün Rostovda yerli rus idmançıya qalib gələrək, ikinci dəfə peşəkarlar arası dünya çempionu oldum. İkinci dəfə "Wako-Pro" kəmərinə yiyələndim.
- Bu gün aldığım məlumata görə, idman koriyeranızı Hollandiyada davam etdirmək üçün Azərbaycanı tərk edəcəksiniz. Belə uğurları olan idmançı niyə Hollandiyaya gedir?
- İndiki məqamda şərtlər belə tələb edir. Hollandiyada bir aylıq yoxlanışa getmişdim. Bildiyiniz kimi "K-1" idman növündə Azərbaycan idmançıları yoxdu. Bu isə peşəkar kikbosinqin ən yüksək zirvəsidi. Mən Azərbaycanı Hollandiyada təmsil edib "K-1"-də uğur qazanmaq istəyirəm. Federasiyamızın rəhbəri, millət vəkili Adil Əliyevin dəstəyilə Hollandiyanın Rotterdam şəhərində oldum. Orada həm də həmyerlimiz var. Dünyanın ən güclü kikboqsinq klublarından biri olan "Super-Pro" klubu oradadı. Albert Krauz və başqa "K-1"-in dünya ulduzları var ki, həmin klubda döyüşürlər. Peşəkarlar məşqlərimə baxıb, bəyəndilər. Sonra məni klubun güclü idmançılarıyla döyüşdürdülər. Məşqçi dedi ki, döyüşlərin xoşuma gəlsə, səni "K-1"-də ulduz edəcəm. Döyüşdüm və türk idmançısı Vahab Özdəmiri məğlub etdim. Göstəricilərim klubu qane etdiyinə görə, razılaşdırdıq ki, noyabr ayından bir illik Hollandiyaya gedim. Ən əsası oradakı döyüşlərimdə Azərbaycan bayrağı altında döyüşəcəm.
- Bir ildən sonra Bakıya qayıtmamaq ehtimalı da var?
- Ola bilər ki, bir ildən sonra müqavilə yenilənsin, daha bir il də qalım. Açığı, onların hamısının mənim döyüşlərimdən çox xoşları gəlib. Söz veriblər ki, məni dünya ulduzu edəcəklər.
- Bu vaxta qədər özünü ulduz idmançı hesab etmirsən?
- Hələ yox. Amma məqsədim ulduz olmaqdır. "K-1" zirvəsinə ucalmaq əsas hədəfimdi.
- Azərbaycanda kimi özünə rəqib görürsən?
- Öz çəkimdə heç kimi. Pis çıxmasın, mən rəqib tanımıram.
- Neçə ildi rəqibsizsən?
- 2009-dan bu tərəfə rəqib yoxdu.
- Kikboqsində kimi dindirirsən deyir ki, dünya çempionuyam.
- Kikboqsun "Wako" versiyası var. Burda o versiyada dünya çempionları azdı.
- Hollandiyada hansısa filmə dəvət etsələr, çəkilərsən və aktyor kimi idmandan çox pul qazansan, idmanı atarsan?
- İdmanı atmadan da filmə çəkilmək olar da. (gülür) Hər ikisinə vaxt tapmaq olar. Bilirsiniz, kikboqsinqin vətəni Hollandiyadı. Orada idmana çox vaxt ayırmaq mənimçün daha vacibdi.
- Bir döyüşün qonorarı nə qədərdi?
- O baxır reytinqə. Əvvəllər az reytinqlə döyüşürdüm. Amma indi vəziyyət mənim xeyrimə dəyişib. Reytinq yüksələndən sonra iki min avroya Rusiyaya dəvət etmişdilər. Həm də fərqi yoxdu, uddun, ya uduzdun. Rinqə gəlişin qiyməti iki min avrodu.
- Bəs ən tanınmış idmançılarda qonorar nə qədərdi?
- Mən sizə Albert Krauzu misal çəkə bilərəm. O 70 min avroya döyüşür.
- Sənə nə qədər vaxt lazımdı qonararı o məbləğə qaldırmağa?
- Ola bilər ki, qarşıdakı bir ilin içində də qaldırım. Heç olmasa, 20 minə qaldıra bilərəm. İnanıram ki, bu bir il mənə çox şey verəcək. Çünki mən öz gücümə də inanıram. İnşallah, Azərbaycanı layiqincə təmsil edəcəm. Açığını deyim, mənimçün əsas maddiyat deyil, Hollandiyaya getməklə mən özümü sübut eləmək istəyirəm. Məqsəd ən yüksək zirvəyə qalxmaqdı.
- Rəqiblərə necə təsir edirsən?
- Mənim rinqə gəlişim hər dəfə fərqli olur, maraqlı olur. Həm də bizdə bir az şou olur. Rinqə musiqiylə gəlirəm. Özümü rinqə gələndə çox rahat hiss eləyirəm. Sanki mən heç döyüşə gəlmirəm. Elə Hollandiyada keçirəcəyim döyüşlərdə də musiqili şou olacaq. Həmin döyüşlərin adı da "artıq şou vaxtıdı" adlanır.
- İndiyədək neçə döyüş keçirtmisən?
- Peşəkar karyerada 23 döyüş keçirtmişəm. Bunlardan 21-də qələbə qazanmışam, 2-də məğlub olmuşam. Hesabımda 5 nakaut var.
- 2016-cı il olimpiya oyunlarına kikboqsinq salınsa, qələbə qazana bilərsən?
- Əlbəttə. Ən azından finalda olaram.
- Səncə idmançıların əvvəlki uğurlarını qoruya bilməmələri nədən irəli gəlir?
- Baxır necə uduzursan. Məsəlçün, Fərid Mansurov da, Elnur Məmmədli də çox güclü idmançılardı. Amma Fəridin zədəli olmağı onun əleyhinə işlədi. Elnur Məmmədli də hazırlıqlı idmançıdı. Amma Elnur rəqibə yuxarıdan aşağı baxdı. Ona görə də uduzdu. Elnurun uduzduğu idmançı Elnurdan qat-qat zəif idmançıydı. Həm də bildiyim qədərilə Elnur formadaydı, yaxşı hazırlaşmışdı. Sadəcə rəqibi saymamazlıq onun uduzmasıyla nəticələndi. Bizdə də elə hallar olur. Rəqibi saymırıq, bir də görürük ki, rəqib hesab etmədiyimiz idmançı bizə qalib gəldi.
- Başqa idman növün seçsəydin, uğur qazana bilərdin?
- Məncə yox. Qismət budu. Həvəslə məşğul olduğumçün, ös istəyimlə getdiyimçün yəqin uğur da qazana bilirəm. Bəlkə də boksçu ola bilərdim. Onu da deyim ki, ilk dəfə güləşə getmişəm. Cəmi bircə gün getdim və güləşi heç sevmədim. Onda hələ bu idmana başlamamışdım. Bir az dalaşqan olduğuma görə kikboksinqə üstünlük verdim. Güləşə getsəm, yəqin indi idmanı atardım, bəlkə də müəllim olardım.
Bugünkü bütün uğurlarıma görə, cənab Prezidentimiz İlham Əliyevə, federasiyamızın rəhbəri Adil müəllimə təşəkkür edirəm. Çünki həmişə dövlətin qayğısını hiss edirəm. Federasiyamızın təşəbbüsüylə Prezident mənə ev verib. Hazırda o evdə təmir gedir. Təmirdən sonra ailəm orada yaşayacaq.
Elxan
AzNews.az