Sarkisyan Azərbaycanın üstünlüyünü təsdiqlədi - VİDEO

7 Sentyabr 2014 20:46 (UTC+04:00)
İndiyədək Azərbaycanın üstünlüklərini qəbul etməyən Ermənistan prezidenti Serj Sarkisyan artıq bu üstünlüklərdən narahatlığını etiraf etməyə başlayıb. Hakim Respublikaçılar Partiyası şurasının iclasında Ermənistan prezidenti Azərbaycanın ölkəsindən üstün olduğunu ilk dəfə etiraf edib. Sarkisyan bu üstünlüyün qarşısını almaq üçün partiyasını Azərbaycana qarşı mübarizəyə çağırıb. Ermənistan prezidentinin bu etirafları isə onun psixi durumu ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun rəyini yenidən gündəmə gətirir.

ANS TV-nin məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Uelsdə keçirilən NATO sammitindən İrəvana qayıdan kimi partiyasının rəhbərliyini toplayaraq, ölkə konstitusiyasında ediləcək islahatlardan danışıb. "Arm Nyuz" telekanalının Serj Sarkisyana istinadən verdiyi məlumata görə, konstitusiyada ediləcək dəyişikliyin konsepsiyası oktyabrın 15-ə kimi hazır olacaq. Keçirilən görüşün digər maraqlı tərəfi isə, Sarkisyanın Azərbaycanla bağlı etirafları idi. Azərbaycanın təbliğat məsələsində Ermənistandan üstün olduğunu etiraf edən Sarkisyan, partiyasının üzvlərini "beynəlxalq əlaqələrini gücləndirməyə və bu əlaqələrdən Azərbaycanla mübarizədə istifadə etməyə" çağırıb.

Ermənistan prezidenti Serj Sakisyan qeyd edib ki, bizim düşmənlərimizin imkanları artır, onların işi fəallaşır, bu situasiyada bizim passivlik göstərmək haqqımız yoxdur.

Sarkisyan etdiyi çıxışda şahmat sahəsində və digər idman sahələrində Azərbaycanın nailiyyətlərindən danışaraq, bundan narahatlığını açıq-aydın bildirib və əks hücuma keçmək lazım olduğunu da gizlətməyib.

Sarkisyanın bu çıxışları, onun əsəblərinin yerində olmadığı haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun qoyduğu diaqnozu təsdiqləmiş olur.

Novruz Məmmədovun sözlərinə görə, bu günə qədər erməni xalqı onun rəhbərlərinin səhvləri ucundan əziyyət, eyni zamanda da cəza çəkir.

Ekspertlər də düşünür ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu çıxışları onun, Azərbaycanın həm iqtisadi, həm də hərbi sahədə üstünlüyünü qəbul etdiyini sübut edir. O, bu üstünlüklərlə NATO-nun sonuncu sammitində bir daha rastlaşdı. Sammitdə Ermənistan prezidenti alyans üzvlərini Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdı. Lakin NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olundu.



AzNews.az