Baş Prokurorluq prezidentin qızına cinayət işi açdı

8 Sentyabr 2014 17:38 (UTC+04:00)
"Özbəkistanın Baş Prokurorluğu Kərimova soyadlı biri barədə cinayət işi açaraq onun haqqında axtarış elan edib. Söhbət ölkə prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovadan gedir".

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən məlumat verir ki, bu xəbər Özbəkistan Baş Prokurorluğu tərəfindən də təsdiqlənir.

Baş Prokurorluğun yaydığı məlumata görə, "mütəşəkkil cinayətkar dəstənin üzvləri 2011-2013-cü illər ərzində sahibkarlıqla məşğul olmaq adı altında təsərrüfat fəaliyyəti sahəsində sistemli surətdə cinayətlər törədib, şantaj, sənədlərin saxtalaşdırılması və talançılıq yolu ilə dövlətə xüsusilə böyük məbləğdə maddi ziyan vurublar".

Özbəkistan Baş Prokurorluğu daha sonra bəyan edir ki, cinayətkar dəstə onlarla milyard sum (özbək valyutası) dəyərində olan dövlət aktivlərini ucuz qiymətə satın alaraq dövlət əmlakına qanunsuz yollarla sahiblənib: "Cinayətkar dəstənin hazırda Özbəkistanda olan üzvlərinin 457 milyard sum (190 milyon dollar) dəyərindəki əmlakı dövlət nəfinə geri alınıb".

Yada salaq ki, Baş Prokurorluğun yaydığı məlumatda şübhəli şəxs kimi Rüstəm Madumarov və Qayane Avakyan adlı iki nəgərin də adı hallanır. Onlar prezident İslam Kərimovun ailə üzvləri ilə münasibətləri bir neçə ildir gərgin olan böyük qızı Gülnarə Kərimovanın yaxın ətrafına daxil olan şəxslərdir.

Özbəkistan Baş Prokurorluğunun G.Kərimoavaya cinayət işi açması xəbəri digər mənbələrdən də təsdiqlənib.

"Həqiqətən də burada söhbət prezidentin qızı Gülnarə Kərimovaya cinayət işi açılmasından gedir" - deyə hüquq-mühafizə orqanlarındakı mənbə "RİA Novosti"yə açıqlamasında deyib.

AzNews.az