Elmira Süleymanova müraciət etdi
9 Sentyabr 2014 16:25 (UTC+04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu günlərdə 15 yaşlı Məmmədov Cavid Samir oğlunun erməni hərbçilər tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Durana məktubla müraciət edib.
Bu barədə AzNews.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məktubda deyilir: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı uşaq Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb. Bu gün atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur. Bütün bunlar mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin, o cümlədən BMT-nin 14 dekabr 1974-cü il tarixli "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"sinin, Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi haqqında 1899 və 1907-ci illər Haaqa konvensiyalarının, "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə Konvensiyası (1949) və onun I və II Əlavə protokollarının (1977), habelə Uşaq Hüquqları Konvensiyasının (1989) müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnir".
Qeyd olunur ki, bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaradır: "Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin hər an təhlükədə qalmasına şərait yaradır".
Ombudsman qeyd olunanları nəzərə alaraq, beynəlxalq hüquq normalarına riayət etməklə, Azərbaycan vətəndaşı, 15 yaşlı uşaq Məmmədov Cavid Samir oğlunun təhlükəsizliyinin təmin edilməsini, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaya məruz qalmasının qarşısının alınmasını, habelə onun ailəsinə qaytarılmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş edib.
AzNews.az