Nazirdən qadağa

12 Sentyabr 2014 11:10 (UTC+04:00)
AzNews.az Nazirliyə istinadən xəbər verir ki, əmrdə RYTN-in rabitə obyektlərinin rəhbərlərinə ünvanlanan bir sıra tapşırıqlar əksini tapıb.

Əmrə əsasən, rabitə obyektlərinin rəhbərlərinə Prezident Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetinin rəhbər işçiləri və Milli Məclisin deputatlarının, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri və onun müavininin müşayiət etdikləri şəxslərin, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin və "Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin feldyegerlərinin xidməti vəsiqə təqdim etməklə rabitə obyektlərinin inzibati binalarına daxil olmalarına icazə verilməsi tapşırılıb.

Eyni zamanda rabitə və yüksək texnologiyalar naziri və aparat rəhbərinin imzası ilə xidməti vəsiqələri olan şəxslərin bütün rabitə obyektlərinə, hər bir rabitə obyekti üzrə xidməti vəsiqələri olan şəxslərin aidiyyəti rabitə obyektlərinə daxil olmasına icazə verilməlidir.

Əmrə əsasən, kənar şəxslərin mühafizə olunan rabitə obyektlərinin inzibati binalarına buraxılışına RYTN-in rəhbərliyi, şöbə müdirləri, rabitə obyektlərinin rəhbərləri və onları əvəz edən şəxslərin icazəsi əsasında, həmçinin qeyd olunan şəxslər tərəfindən girişin məqsədi açıqlanmaqla razılıq verildikdən sonra, kənar şəxsin şəxsiyyət və xidməti vəsiqəsinin yoxlanılması və müvafiq jurnalda qeydiyyatın aparılması ilə, rabitə obyektləri rəhbərlərinin qəbuluna gələn şəxslərin qəbul edilərkən və yola salınarkən müşayiət olunması ilə, iş vaxtından sonra, şənbə, bazar, ümumxalq hüzn günü və bayram günlərində ən zəruri hallarda rabitə obyektləri rəhbərlərinin müvafiq icazəsi əsasında və müşayiət olunmaqla icazə veriləcək.

Rabitə obyektlərinə xarici vətəndaşların buraxılışı yalnız RYTN-in rəhbərliyinin icazəsi əsasında həyata keçirilməlidir.

Rabitə obyektlərinə xarici vətəndaşların buraxılışı həmin vətəndaşların miqrasiya orqanlarında müvafiq qeydiyyatlarının olub-olmaması obyekt rəhbərliyi tərəfindən yoxlanıldıqdan sonra həyata keçirilməlidir.

Rabitə obyektlərində avadanlıqları olan kənar müəssisələrin xarici mütəxəssislərinin obyektə buraxılışı RYTN-in rəhbərliyinin icazəsi əsasında obyekt rəhbərlərinin yazılı icazəsi ilə aparılmalıdır.

Əmrdə həmçinin qeyd olunur ki, ATS-lərin ərazisində xüsusi avadanlıqları olan qurumların (polis idarələri, mülki müdafiə qərargahları, enerji idarələri və s.) rəsmi məktubları ilə təqdim olunmuş və aidiyyəti rabitə obyektinin rəhbərinin dərkənarı qoyulmuş siyahı üzrə mütəxəssislərin rabitə obyektinə buraxılışı qeydiyyat aparılmaqla və müşayiət olunmaqla həyata keçirilsin.

Əmrə əsasən, fövqəladə hallar zamanı baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün cəlb olunmuş qüvvə və vasitələrin mühafizə olunan obyektlərinin ərazisinə buraxılışı dərhal təmin edilməklə, obyekt rəhbərinə və RYTN-ə təcili məlumat verilməklə həyata keçiriləcək.

Bunlardan əlavə, rabitə obyektlərinin rəhbərlərinə tapşırılıb ki, mühafizə olunan rabitə obyektlərinin ayrılmış sahələrində quraşdırılmış digər təşkilatlara məxsus avadanlıqlara xidmət məqsədi ilə bu təşkilatların əməkdaşlarının rabitə obyektlərinə buraxılışı aşağıdakı şərtlərlə həyata keçirilsin:

Digər təşkilatların əməkdaşlarının rabitə obyektlərinə il ərzində buraxılışı müvafiq təşkilat tərəfindən təqdim edilmiş, rabitə obyektlərinin dərkənarı qoyulmuş siyahı üzrə xidməti və şəxsiyyət vəsiqələri əsasında müvafiq qeydiyyat aparılmaqla və müşayiət edilməklə;

Xüsusi hallarda və qəza-bərpa işlərinin aparılması zamanı mühafizə olunan rabitə obyektlərinə digər təşkilatların texniki işçilərinin buraxılışı rabitə obyektlərinin rəhbərliyi ilə razılaşdırılmış siyahı üzrə

Razılaşdırılmış siyahıya uyğun olaraq mütəxəssislərin rabitə obyektinə buraxılmasından əvvəl, onların rabitə obyektlərinin nümayəndələri tərəfindən müvafiq qaydalara uyğun olaraq təlimatlandırılması şərti ilə;

Razılaşdırılmış siyahıdakı şəxslərin tərkibi və ya sənədlərində uyğunsuzluq aşkar edildiyi təqdirdə, həmin şəxslərin obyektə baxılmaması və siyahıda düzəlişlərin rabitə obyektinin rəhbərləri tərəfindən müvafiq təşkilatdan tələb edilməsi.

Əmrdə ATS-lərə və digər rabitə qurğuları olan binalara kənar şəxslərin buraxılması qadağan edilib. Həmçinin göstərilir ki, rabitə obyektlərinin bina və ərazisinə hər hansı avadanlıq və əşyaların gətirilməsi və ərazidən çıxarılması yalnız obyekt rəhbərinin yazılı icazəsi əsasında müvafiq yoxlama aparılmaqla həyata keçirilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"na daxil edilmiş rabitə obyektlərinin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi zamanı müvafiq rabitə obyektlərinin rəhbərləri tərəfindən xüsusi tikinti normalarının nəzərə alınması da tapşırıqlar sırasındadır.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemi üzrə mühüm əhəmiyyətli obyektlərin siyahısına "Azərkosmos" ASC-nin Əsas yerüstü peyk idarəetmə mərkəzi, Beynəlxalq Avtomat Telefon Stansiyası, Poçt Daşıma Mərkəzinin inzibati binası, "Azərpoçt" MMC-nin inzibati binası və onun poçt filialları, Teleqüllə kompleksi, Gülüstan, Lerik, Əhmədbəyli, Poylu, Zaqatala və Gəncə Radio-Televiziya Yayım stansiyaları, Lənkəran, Şəki, Quba, Gəncə, Şirvan Şəhərlərarası Avtomat stansiyaları, Avtomat Telefon Stansiyaları (ATS-371/372/373, ATS-564/565, ATS-566/567/514, ATS-374/375/376), Sumqayıt şəhərində yerləşən ATS-654/655, Bakı şəhəri və rayon mərkəzləri avtomat telefon stansiyaları daxildir.

Rabitə obyektlərinin rəhbərlərinə həmçinin tapşırılıb ki, obyektlərin yanğından mühafizəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına uyğun təmin edilsin və daimi ciddi nəzarətdə saxlanılsın.

Aznews.az