Prezident: “20 ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk“
19 Sentyabr 2014 11:13 (UTC+04:00)
"Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün biz müstəqil dövlət kimi öz gələcəyimizi birgə qururuq. Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqərimizin səviyyəsini əyani şəkildə göstərir". Trend-in "TRT-Haber"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edir, iki ölkə qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, bir-birini daha da gücləndirir: "Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin həcmi haradasa 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz çox böyük məmnuniyyət hissi ilə Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı payının artırılmasını qəbul edirik. Çünki burada artıq türk şirkətləri daha da artıq paya malik olacaqlar. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. İki il bundan əvvəl bu layihəyə start verildi və bu gün artıq bu proje reallaşır".
İlham Əliyev bildirib ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə üçün, bölgə, dünya üçün də böyük önəm daşıyır: "Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək. Sabah "Cənub Qaz Dəhlizi"nin tikintisi başlayır. 20 sentyabr bizim üçün tarixi gündür, çünki 20 il bundan öncə məhz sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdı. 20 ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə, bu layihənin uğurla həyata keçirilməsində Türkiyə-Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət daşıyır".
Dövlət başçısı qeyd edib ki, enerji sahəsində digər layihələr də icra edilir: "Əminəm ki, Trans Anadolu, Trans Adriatik və "Şahdəniz-2" layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni bir şərait yaranacaq. Bu layihələr həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcək".