“Hərbçilərə dövlət qulluqçusu statusu verilməlidir” – Təklif

26 Sentyabr 2014 10:30 (UTC+04:00)



""Hərbi qulluqçular haqqında" qanun qəbul olunduqdan sonra Azərbaycan ordusu NATO standartlarına keçəcək. Qanuna edilən dəyişikliyə görə, hərbçilər ölkədən çıxdığında müvafiq icra hakimiyyəti orqanından icazə almalı olacaq". Bu barədə AzNews.az-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc açıqlama verib. O, bildirib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun dəyişməlidir. Deputatın sözlərinə görə, müxtəlif silahlı birləşmələrin təmsilçmilərindən ibarət idarələrarası komissiyalar formalaşıb və bu qrupun üzərində uzunmüddətli iş aparılıb: "Təəssüf ki bütün nazirliklər arasında tam olaraq razılaşma əldə olunmayıb. Ona görə də hələ ki, qanun layihəsinin Parlamentin plenar iclasında çıxması mümkün deyil".

"Hərbi qulluqçuların statusu" haqqında qanuna 2 qurumdan razılıq ala bilmədiklərini deyən Z.Oruc məhz bu səbəbdən qanunun gecikdiyini söyləyib: ""Hərbi Qulluqçuların statusu haqqında" qanun layihəsinə ediləcək əlavəyə görə, hərbçilər ölkədən çıxdığında müvafiq icra hakimiyyəti orqanından icazə almalı olacaq. Qanunun bu müddəası "Miqrasiya haqqında qanunda" da öz əksini tapıb. "Qanun qəbul olunuqda Azərbaycan ordusu da bütün NATO ölkələrində seçilmiş modelə tam keçəcək. Orduda kontrakt sistemi daha çox stimullaşdırılmalıdır. Bu halda istənilən qulluqçu öz münasibətlərini dövlətlə müqavilə əsasında formalaşdıracaq. Onlara təminatlar da bunun əsasında veriləcək. Hesab edirəm ki, konkret kvotalar qoymaq lazımdır ki, hərbi qulluqçular bütövlükdə digər kateqoriya əhalidən hansı üstünlükləri ilə seçilmiş olacaq. Hərbi qulluqcular dövlət qulluqçusu statusuna yiyələnməlidir ki, onların təminatları, hətta onlar təxris olunandan sonra belə, aldıqları təqaüdlər də ona adekvat olmalıdır". Bundan başqa millət vəkili Milli Məclisin payız sessiyasının ilk iclasında hərbi qulluqçuların mənzil -məişət şəraiti ilə bağlı ayrıca qanunun olmasını təklif edəcək. " Bizdə əvvəl qəbul etdiyimiz sənədlərin bir çoxu işləmir. Tutaq ki, hərbi qulluqçu təxris olunduqdan sonra müxtəlif bələdiyyə qurumlarından yer ala bilər. Amma həqiqətdə belə bir hal yoxdur. Bəs bu qədər hərbi qulluqçularımızın təminatı necə həyata keçirilməlidir? Ali baş komandan bunula bağlı çox möhtəşəm bir addım atdı. 20 il qüsursuz xidmət edənlərin mənzillə təmin olunması ilə bağlı sərəncam imzaladı. Bu sərəncamla 400-dən artıq hərbçi mənzillə təmin olundu". Komitədə "Yanğın təhlükəsizliyi" ilə bağlı qanun layihəsinə də müxtəlif müddəaların əlavələr ediləcəyini deyən Z.Oruc bu dəyişikliklərin texniki xarakterli olacağını söylədi.

Gültəkin ƏLƏSGƏR