Müsavat başqanlığına namizədlərin seçki – Proqnozu

26 Sentyabr 2014 13:26 (UTC+04:00)


Başqan kreslosuna ən iddialı namizəd olan Qubad İbadoğlunun sözlərinə görə, o, sabahkı seçkidə qələbə qazanacaq: "Hesab edirəm ki, qalib olacam. Seçkiyə qələbə ilə gedirəm. Partiyadaşlarımın mənə olan münasibəti optimist olmağa əsas verir".

Səxavət Əlisoy ümidli olduğunu desə də, uduzmağa hazır olduğunu bildirməkdən çəkinmir: "Ümidliyəm. Kimin seçilməsindən asılı olmayaraq, ömrümüzün 20 ilimi Müsavat partiyasına vermiş insanlarıq. Mənim üçün bu seçkidə rəqib deyilən söhbət yoxdur. Kim seçilsə şəxsən özüm onun əlini sıxıb təbrik edəcəm. Sabah tribunadan namizəd olaraq çıxış edəcəm və sözlərimi deyəcəm. Hesab edirəm ki, hər kəs mənim çıxışımdan razı qalacaq. Son qərar deyirlər, hələ bilmirəm, bəlkə bildirmədim. Bu da ola bilər".

Gənclərin dəstəklədiyi Tural Abbaslı seçkidən 50 faiz qalibiyyət gözlədiyini bildirir: "Bu gün 3 rayonda görüşüm var. Hər görüşdən müxtəlif əhval-ruhiyyə ilə ayrılıram. Kimsə desə ki, mən şanslı, yaxud da şansız namizədəm, demək o, Müsavatı və Müsavat seçicilərini tanımır. Müsavatçıların hansı kriteriyalarla kimə səs verəcəklərini özlərindən başqa heç kim bilmir. 50 faiz qələbə, 50 faiz məğlubiyyətlə gedirəm. Hər şey ola bilər. Birinci turda uda da bilərik, uduza da. Üz-üzdən utanar prinsipi var. Elə üzvümüz var ki, 4 namizədin hər birinə "sənə səs verəcəm" deyib. O, pərdənin arxasında kimə səs verəcəyini bildirmək istəmir. Mənə elə gəlir ki, seçkidən uğurla çıxacam".

Müsavat başqanı İsa Qəmbərin yerinə ən iddialı namizəd Arif Hacılı ilə əlaqə qura bilmədiyimizdən onun fikrini öyrənə bilmədik.

Bahar RÜSTƏMLİ
AzNews.az