Bakıda 77 yaşlı kişi “beşbarmaq“la vuruldu- VİDEO

27 Sentyabr 2014 18:57 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, Bakının Binəqədi rayonu Ənvər Əlixanov küçəsi bina 89-un qarşısında baş verən hadisə zamanı 77 yaşlı Ağayev Nadir Mirələkbər oğlu naməlum şəxsin zərbəsinə tuş gəlib. Zərərçəkənin sözlərinə görə, hadisə günü evə çörək alıb, qayıdarkən binanın giriş qapısında hücuma məruz qalıb.

Nadir Ağayev onu kiminsə vurduğunu xatırlasa da vuran şəxsi görmədiyini deyir. Bundan sonra Nadir müəllimin ünvanına həm təcili tibbi yardım, həm də polis əməkdaşları çağırılıb. 77 yaşlı qocanı müayinə edən həkimlər sonradan onu xəstəxanaya aparıblar. Zərərçəkənin sözlərinə inansaq, xəstəxanadakı yoxlamalar zamanı onun beş barmaqla vurulduğu qənaətinə gəlinib.

Evinə qayadan zərəçəkən polislərə ifadə də verib. Nadir Ağayevi dinləyən ərazi üzrə 7-ci polis bölməsinin əməkdaşları ondan lazımı məlumatları öyrəniblər. Nadir müəllimin sözlərinə görə, qonşular ona xəsarət yetirən şəxsi görüblər. Ehtimal edilir ki, həmin naməlum şəxs 30-35 yaşlarında bir kişi olub.

Məlum cinayət əməli istintaqının nə yerdə olduğunu öyrənmək üçün 7-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən bildirildi ki, zərəçəkənin iddia etdiyi beşbarmaq və ya küt alətlə vurulması yalnız ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Bundan əlavə hələlik həmin hadisəni törədən şəxs və ya şəxslər müəyyən edilməyib. Amma bu istiqamətdə işlər davam etdirilir.



AzNews.az