İrəvanda etirazlar başladı
29 Sentyabr 2014 19:37 (UTC+04:00)
"Dövriyyədən vergi tutma haqqında" qanuna əlavələrin tətbiq edilməsinə qarşı Ermənistan parlamenti önündə etiraz aksiyası keçiriblər.
AzNews.az bbc-yə istinadən xəbər verir ki, onlar oktyabrın 1-də qüvvəyə minəcək "Dövriyyədən vergi tutma haqqında" qanunun tətbiq edilməsinin dayandırılmasını tələb edirlər.
Daha əvvəl İrəvan ticarət yarmarkalarının ticarət işçiləri Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Nümayişçilərin qarşısına baş nazir Hovik Abrahamyan çıxıb. O, dövriyyədən vergi tutma haqqında qanuna edilən əlavələrin onlara qarşı deyil, kölgədə işləyən biznesə qarşı olduğunu bildirib.
Aksiya iştirakçılarını baş nazirin cavabı qane etməyib. Baş nazir qanunun icrasının dayandırılıb-dayandırılmayacağı barədə heç bir söz deməyib.
Bu günkü etiraz aksiyası iştirakçılarını Ermənistan Milli Məclisinin müxalif Erməni Milli Konqresi və Firavan Ermənistan fraksiyalarının nümayəndələri qarşılayıblar.
Millət vəkilləri sözügedən məsələnin parlamentin növbədənkənar iclasının gündəliyinə daxil etmək üçün imza toplanışına başlayacaqlarını söz veriblər.
Oktyabrın 1-dən qüvvəyə minəcək dövriyyədən vergi tutma qanuna əsasən, ticarət sahəsində icra edilən dövriyyə vergisinin 3,5 faizdən 1 faizə endiriləcəyi nəzərdə tutulur.
Lakin ticarət nöqtələrində satılan bütün mallar üçün müvafiq sənədlərin (faktura, sertifikat və s.) təqdim olunması tələb olunacaq.
Bu tələbin yerinə yetirilməməsi üçün cərimələr nəzərdə tutulur: ilk dəfə xəbərdarlıq, ikinci dəfə - 20 min dram (təxminən 50 dollar) məbləğində cərimə.
Qanunun üçüncü dəfə pozulması aşkar edilərsə, ticarət subyekti ilin əvvəlindən hesablanan ticarət dövriyyəsinin 5 faizi həcmində cərimə olunacaq, sonrakı pozuntular üçün daha ciddi cərimələr nəzərdə tutur.
Müxalif parlament fraksiya nümayəndələri qanuna əlavələrin ləğv edilməsi məsələsini parlamentin gündəliyinə daxil etmək üçün imza toplamağı vəd ediblər
Sənədsiz alver edən subyektlər 2016-cı il yanvarın 1-dən dövriyyənin 5 faizi həcmində vergi ödəməyə məcbur ola bilərlər.
Yarmarka işçiləri hökumətin kölgədə işləyən bizneslə məşğul olanları yaxşı tanıdığını bildirir və mübarizəni satıcılardan yox, topdan mal tədarük edən iri biznesmenlərdən başlamağı təklif edirlər.
Çünki onların sözlərinə görə, çox vaxt onlara topdan mal verənlər heç bir sənəd təqdim etmir.
Əks təqdirdə onlar yeni qanunun icrası nəticəsində məhz piştaxta arxasında dayananların zərər çəkəcəyini və güman ki, işsiz qalmağa məcbur olacaqlarını qeyd edirlər.
AzNews.az