Donetsk: Döyüşlərdə 9 ukraynalı əsgər həlak oldu

29 Sentyabr 2014 20:41 (UTC+04:00)


AzNews.az bbc-yə istinadən xəbər verir ki, ötən gün ərzində Donetskdə yerli aeroport uğrunda döyüşlərdə 9 ukraynalı desantçı həlak olub, 27 hərbi qulluqçu yaralanıb.

Bu barədə Kiyevdə Milli Müdafiə və Təhlükəsizlik Şurasının (SNBO) nümayəndəsi Andrey Lısenko xəbər verib.

Ukraynalı əsgərlər aeroport yaxınlığında desantçıları daşıyan zirehli hərbi maşının separatçılar tərəfindən vurulması nəticəsində həlak olublar.
Andrey Lısenko Donetsk aeroportuna Ukrayna qüvvələrinin nəzarət etdiklərini vurğulayıb.
Aeorporta nəzarət edən Ukrayna hərbçiləri ötən gün ərzində bir neçə dəfə hücuma məruz qalıblar.

Eyni zamanda ötən gün ərzində 30 ukraynalı hərbi qulluqçunun əsirlikdən azad olunduğu xəbər verilir.

Məlumatlara əsasən, artilleriya atəşi nəticəsində Donetskdə 3 dinc sakin həlak olub, 5 nəfər yaralanıb.

Bazar ertəsi günü səhər Donetskdə vəziyyət gərgin olaraq qalıb, buna baxmayaraq şəhər kommunal xidmətlərinin normal rejimdə işlədiyi qeyd olunur.

SNBO Debaltsevo və Trudovoye məntəqələrinə rusiyapərəst yaraqlıların hücumunun qarşısının ukrayna qüvvələri tərəfindən alındığını bildirib.

Xəbərlərə görə, Ukraynanın cənub şərqinin qalan hissəsində ara-sıra atışmalara baxmayaraq atəşkəs rejimi əsasən yerinə yetirilir.

Rəsmi Kiyev və Donbasdakı separatçı qüvvələr arasında atəşkəs razılığına sentyabrın əvvəlində Minskdə ATƏT vasitəçliyilə nail olunmuşdu.

AzNews.az