Bakıda 30 metr dərinlikdəki quyuya düşən gənc xilas edildi- VİDEO

14 Dekabr 2014 20:48 (UTC+04:00)


AzNews.az APA TV-yə istinadən xəbər verir ki, ötən gecə Balaxanı qəsəbəsində quyuya düşən bir nəfərin köməyə ehtiyacı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətt"inə məlumat daxil olub. Dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Məlum olub ki, quyuya düşən şəxs 2000-ci il təvəllüdlü Əhmədov İlkin Fərhad oğludur. O, yaşıdları ilə tonqal qalayıb isinərkən ehtiyyatsızlıqdan quyuya düşüb.

Qonşuların sözlərinə görə, evə gec gəldiyini görən valideynləri İlkinin axtarışlarına başlayıblar. Az sonra məlum olub ki, o dostları ilə birgə oynayarkən quyuya düşüb.

Xilasetmə əməliyyatına başlayan xilasedicilər xüsusi alpinist ləvazimatlarının köməyi ilə havasızlıqdan boğulmaq təhlüksi ilə üzləşən İlkin Əhmədovu tez bir zamanda xilas edərək ailəsinə təhvil veriblər.

Qeyd edək ki, hadisə zamanı İlkin Əhmədov xəsarət almayıb. Olay yerinə yollanan Təcili Yardım maşınında ona ilkin tibbi yardım olunub və hazırda vəziyyəti yaxşıdır.