“Qızıl top”u kim alsın?
3 Oktyabr 2012 17:37 (UTC+04:00)
Dünya futbolunda əsas fərdi mükafat olan "Qızıl top"a ("FIFA Ballon d’Or") 23 namizədin adı FİFA tərəfindən oktyabrın 30-da açıqlanacaq. Sorğuda Beynəlxalq Futbol Federasiyasının üzvü olan ölkələrin milli komandalarının baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri iştirak edəcəklər. "Qızıl top"un 2012-ci il qalibinin kimliyi isə 2013-cü il yanvarın 7-də Sürixdə bəlli olacaq.
Amma indidən kimin fəxri mükafatı qazanması ilə bağlı qızğın müzakirələr gedir.
Kuman "Kriştianu Ronaldo"...
1989-1995-ci illərdə "Barselona"nın şərəfini qorumuş hollandiyalı Ronald Kuman kimin bu il "Qızıl top"a layiq olması ilə bağlı fikirlərini bölüşüb. Football-espana.net saytında hazırda "Feyenord"u çalışdıran 49 yaşlı mütəxəssisin sözləri belə təqdim olunub: "Messi dünyanın ən yaxşı futbolçusudur. Kriştianu da Lionel kimi dahi oyunçudur və artıq çoxdandır "Real"ın əsas simasıdır. Mən "Qızıl top"u kimə verərdim? Messi artıq neçəsini qazanıb? Üç? Onda bu dəfə mükafatı Ronaldoya verərdim. Hazırda Messi planetin aparıcı futbolçusudur. O, keçmişin əksər oyunçularından da yaxşıdır. Oyunun taleyini təkbaşına həll edə bilən nadir futbolçudur".
Xatırladaq ki, Kumanın 1988-ci ildə "Qızıl top"un sorğusunda 5-ci yeri tutmuşdu.
...İbrahimoviç "Messi olmasın"...
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç "Barselona"da oyundaşı olmuş Lionel Messinin "Qızıl top"a layiq olmadığını bildirib. "L’Equipe" nəşrində 31 yaşlı isveçli futbolçunun sözləri belə təqdim olunub: "O, əla mövsüm keçirib, amma, demək olar ki, heç bir titul qazanmayıb.
Messi artıq 3 dəfə "Qızıl top"u qazanıb və əgər bu, belə davam etsə, onda mükafatı başqa kimsə ala bilməyəcək. "Qızıl top"u başqasına verməyin vaxtıdır".
Qeyd edək ki, İbrahimoviç özü "Qızıl top"un sorğusunda ən yaxşı halda 7-ci olub (2007, 2009).
...Luçesku "Pirlo"...
Çempionlar Liqası çərçivəsində "Yuventus"la oyun ərəfəsində rəqib barədə danışan "Şaxtyor"un baş məşqçisi Mirça Luçesku isə Turin klubunun yarımmüdafiəçisi Andrea Pirlonun "Qızıl top"a layiq olduğunu deyib. Donetsk klubunun saytında 67 yaşlı rumıniyalı mütəxəssisin sözləri belə təqdim olunub: "Mən "Breşiya"da işləyəndə Pirlo 15 yaş yarımlığında bu komandada debüt etdi. Bunu Andreanın istedadını və çox gözəl karyerasının ola biləcəyini göstərmək üçün etdim. O, həqiqətən çox tez inkişaf etdi. Fikrimcə, hazırda Pirlo, son illərdəki oyununa əsasən, "Qızıl top"a layiqdir".
Xatırladaq ki, Pirlo 2007-ci ildə "Qızıl top"un sorğusunda 5-ci yeri tutub.
..."Atletiko"nun prezidenti isə "Falkao" deyir
"Atletiko"nun prezidenti Enrike Serezo isə komandasının kolumbiyalı futbolçusu Radamel Falkaonu dünyanın ən yaxşı hücumçusu sayır. Football-espana.net saytında klub rəhbərinin sözləri belə təqdim olunub: "Falkao dünyanın ən yaxşı hücumçusudur. Bu, boş sözlər deyil, sübut edə bilərəm. Falkaonu Messi və ya Kriştianu ilə dəyişməzdim. Falkao daha yaxşıdır. Çox klub onu heyətinə qatmağı arzulayır, amma o, "Atletiko"da oynayır və biz onun oyununa heyranıq".
Zədə üzündən "Espanyol"la son oyunu buraxan Falkaonun 7 qolla La Liqada bombardirlər yarışına başçılıq etdiyini də bildirək.
Rasim
AzNews.az