"Nəsə dəyişikliklər eləməliyik" - Çingiz Abdullayev (Müsahibə)

3 Aprel 2015 14:16 (UTC+04:00)


Xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, rejissor və aktyor Bəhram Bağırzadə, futbol veteranları Səməd Qurbanov, Mübariz Zeynalov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Məmmədov, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov və SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov şuranın üzvləri seçiliblər.

Qərardan sonra "Yeni Müsavat"a geniş müsahibə verən Çingiz Abdullayev sözügedən qərar, strategiyaları, planları barədə danışıb. Müsahibimiz öncə bu təyinatla bağlı sualı cavablandırdı.

- Sizə bununla bağlı ilk təklif nə zaman gəlmişdi?

- İki-üç ay bundan əvvəl mənə dedilər. Xahiş elədilər ki, razılığımı verim. Fikirləşdim ki, əgər mən nəyləsə kömək edə bilərəmsə, eləyim. Təbii ki, razılığımı verdim. Ondan sonra bu məsələ başlandı.

- Razılığınızı verdiniz və indi nə düşünürsüz? "Neftçi"nin həyatında nə dəyişə bilər Çingiz Abdullayevdən sonra? Nələr edə bilərsiz bu klub üçün?

- Mən hesab edirəm ki, şəffaflıq olacaq. Biz klubun dünyadakı imicini qaldırmalı, nəsə dəyişikliklər eləməliyik. Ümumiyyətlə, nəinki "Neftçi"də, futbolda hər şey dəyişməlidir. Axı görürsünüz ki, bizim idmanda nə qədər uğurlarımız var. Futbolda isə hələ uğur qazanmamışıq. Hesab edirəm ki, futbolda da belə uğurlar olmalıdır.

- Siz dünya şöhrətli yazıçısınız. Bu təyinat baş tutanda belə rəy yarandı ki, Çingiz Abdullayevin "Neftçi"yə gətirilməsi həm də onun şöhrətinə hesablanmış bir qərar idi...

- Yox, axı siz məndən də yaxşı bilirsiniz ki, bizdə idman federasiyası rəhbəri var. Hansısa nazirdir və ya tanınmış adamdır. O, ona görə deyil ki, gəlib orda iştirak edəcək. Vallah, mən meydana çıxıb, qapıçı olmayacam. Xahiş də eləsəz, gedib ola bilmərəm. Çox cavanam, məni götürməzlər. (gülür) Amma rəhbərliyə gətirilən adamlar kömək edirlər. Bəzi məsələlər olur ki, onları həll etmək lazım gəlir. Özümü demirəm, amma o məsələlərin həlli üçün nüfuzlu adamlar olmalıdır. Mən tək deyiləm, idman federasiyalarına baxanda, hərəsində bir tanınmış adam var. Özü də nəinki Azərbaycanda, xaricdə də bu, belədir. Tanınmış adamlar klubların prezidenti, rəhbəri olur. Təbii ki, kömək də edirlər. İndi götürün "Milan" klubunu. Sabiq baş nazir Berluskoni onun sahibi və prezidentidir. Görün o, klub üçün nə qədər işlər görüb, nələr edib. Ya da "Çelsi"ni götürün, biznesmen Abramoviç bu klub üçün görün nə qədər iş görüb. İndi bunlar həmin klubların sahibidirlər.

- Yəni bu vəzifəyə seçilməniz o demək deyil ki, siz futbol haqqında yüksək biliklərə, vərdiş və bacarıqlara malik olmalısınız.

- Yox, birincisi, biliklərə malik olmalıdır. Amma ikincisi də deyim ki, mən məşqçi, qapıçı olmayacam ki... Kömək edəcəm, sadəcə. Orda məşqçi də olacaq, qapıçı da. Peşəkar insanlar olacaq. Mən yalnız kömək edib idarə edəcəm. Ona görə gəlməmişəm ki, hücumçuya, qapıçıya yol göstərim, dərs keçim. Bizdə Şahmat Federasiyasının sədri Mərkəzi Bankın prezidenti Elman Rüstəmovdur. Başa düşürəm ki, o, şahmatı çox yaxşı oynayır. Amma o qrossmeyster kimi oturub onlarla oynamayacaq ki. Təbii ki, onları təşkil edir, kömək edir və çox sağ olsun. Taekvando, karate federasiyasına bizim nazirlərimiz rəhbərlik edir. Hesab edirəm ki, çox yaxşı kömək etdikləri üçün bizim həmin sahələrdə belə yaxşı uğurlarımız var. Mən təzəlikcə gəlmişəm Sankt- Peterburqdan. Bizim hörmətli deputatımız Adil Əliyev mənimlə orda idi. O da orda Kikboksinq Federasiyasının rəhbəri kimi təmsil olunurdu. Təbii ki, o, orda çıxıb dalaşmamalıdır. Sadəcə, o, federasiyaya kömək edir, rəhbərlik edir. Görün bu, necə nüfuzlu federasiyadır, onu dünyada necə tanıyırlar. Heydər Əliyev kuboku uğrunda orda yarışlar aparırdılar...Təbii ki, bütün dünyada belə olur və bizdə də belədir.

- Müşahidə Şurası üzvlərindən biri də Bəhram Bağırzadədir. Belə məlum olur ki, məqsəd populyar şəxsləri vitrinə yığıb, kluba diqqət çəkmək idi?

- Xeyr, səhv başa düşmüsüz. Bəhram Bağırzadə futbolu sevən adamdır. Axırıncı bir neçə ildə bir dəfə də olsun, futbolu buraxmayan adamdır. O da ora kömək üçün gəlib.

- Şəxsi hesabınızdan kluba hər hansı maliyyə yönləndirməsi etməyi də planlaşdırırsız?

- Onsuz da bilirsiniz ki, SOCAR "Neftçi"yə kömək edir. Mən istəməzdim ki, mövzunu maliyyə tərəfə yönləndirək. Ümumiyyətlə, təşkilati və digər məsələlər var ki, istəyirlər, nəsə olsun. Köməklik göstərək ki, bir az bəlkə səviyyəni qaldıraq. Düşünürlər ki, bəlkə tanınmış adam gəlsə, bunu edə bilər. Bəlkə düz eləmirlər, düz fikirləşmirlər? Bəlkə mən həqiqətən də onu edə bilməyəcəm? Çalışaram ki, kömək edim. Hesab edirəm ki, hər azərbaycanlı öz vətəninə kömək etməlidir, onu pisləməməlidir. Hər bir adam fikirləşməlidir ki, Azərbaycandan götürməyim, onun üçün nəsə edim. Onu fikirləşəndə təbii ki, yaxşı olacaq.

- İndi strategiyanızı müəyyənləşdirmisiniz?

- Bu sahə üzrə peşəkarları yığmaq və onlarla təbii ki, bu mövzuda söhbətləri etmək. İlk strateji addım budur. Mən hamısından ağıllı ola bilmərəm ki. Onlar ömür boyu futbolla məşğul olan insanlardır. Onları da yığıb, birgə müzakirə edəcəyik. Təbii ki, biz strategiyanı futbol məşqçiləri, peşəkarlarla oturub danışacağıq ki, onların fikri nədir. O mənada olacaq müzakirə. Daha o mənada yox ki, populyar adamlar gəliblər və heç nə edə bilmirlər, bacarmırlar. Xeyr, biz ora gəlmişik ki, nəsə kömək edək.