Yenə Elman Rüstəmov: O, niyə seçildi? – RƏY

3 Aprel 2015 19:17 (UTC+04:00)

Manatın dolara nisbətən kəskin şəkildə aşağı düşməsi ərəfəsində onun bir-birinə zidd açıqlamalar verməsi fonunda Azərbaycanın bank sisteminə yenidən rəhbərlik etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. İqtisadçı-ekspert Samir Əliyev isə indiki halda Elmar Rüstəmov variantını daha uğurlu seçim hesab edir.

AzNews.az xəbər verir ki, Samir Əliyev Rüstəmovu Azərbaycanda ən peşəkar kadr adlandırıb:

"Ölkənin baş bankiri artıq 20 ildir bu sistemə rəhbərlik edir. Bank sisteminin inkişafında onun rolu danılmazdır. Bank sektorunun uğuruna da, uğursuzluğuna da cavabdehlik daşıyır. Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur. Hətta müxalifət də bunu etiraf edir.

Bu təyinat gözlənilən idi. Çünki indiki həssas məqamda Elman Rüstəmovun postunu tərk etməsi riskli idi. Mövcud bank sistemini Elman Rüstəmov qurmuşdu və onu ancaq özü idarə edə bilərdi. İndiki dövrdə sistemin başına başqasının gətirilməsinin ağır fəsadları ola bilər. Elman Rüstəmovun vəzifədə qalması həm də hakimiyyətin bank sektorunda ciddi addımlar atmaq niyyətində olmadığını göstərdi".

S.Əliyevin sözlərinə görə, Mərkəzi Bankın rəhbəri daim banklara münasibətdə konservativ yanaşma tətbiq edib.

"Bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. O, rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamının bərpa olunmasına nail olub. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı. Banklar isə müflisləşmə təhlükəsinə daha da yaxınlaşdı".

İqtisadçı Azərbaycanın mövcud bank sisteminin ölkə iqtisadiyyatına adekvat olduğunu vurğulayıb. O, mövcud iqtisadi paradiqmada bundan yaxşı bank sistemi qurmağın çətin olduğunu və zəruri addımlar atılmasa böhranın qaçınılmazlığını ifadə edib:

"O da aydındır ki, bank sektorunu uzun müddət indiki səviyyədə saxlamaq mümkün olmayacaq".

Samir Əliyev növbəti 5 ilin Elman Rüstəmov üçün çox çətin keçəcəyini qeyd edib. "Çünki qarşıda onu növbəti devalvasiya ehtimalı və onun törədəcəyi fəsadlar, neft gəlirlərinin azalması səbəbindən yavaşımış iqtisadiyyat, yüksək inflyasiya təzyiqi gözləyir", deyə ekspert öz fikirlərini əsaslandırmağa çalışıb.