Millət vəkillərimiz ermənilərin qarşısına çıxdı
9 Oktyabr 2012 08:40 (UTC+04:00)
Azərbaycan nümayəndə heyəti ermənilərin oktyabrın 5-6-da keçirilən ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasının gündəliyinə Ramil Səfərovla bağlı məsələnin salınmasının qarşısını alıb.
Milli Məclisin ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin üzvü Azay Quliyev AzNews.az-a açıqlmasında bildirib ki, erməni tərəfi ATƏT PA-nın son iclasında Ramil Səfərov məsələsini gündəmə gətirməyə çalışıb. Amma bütün səyləri boşa çıxıb.
Onun sözlərinə görə, ermənilər R.Səfərov məsələsindən sui-istifadə etməyə çalışırlar: "Ermənilər Ramil Səfərovla bağlı həqiqətə uyğun olmayan və bütövlükdə Azərbaycan dövləti əleyhinə olan kampaniya aparırlar.
Ermənilər əvvəlcədən ATƏT PA-nın üzvlərinə R.Səfərov məsələsi ilə bağlı səhv məlumatlar vermişdilər. Amma bizim səylərimiz nəticəsində məsələ obyektiv həllini tapdı və ermənilərin cəhdləri alınmadı. Bununla da ermənilər R.Səfərovla bağlı məsələni ATƏT PA-da gündəmə gətirə bilmədilər".
Vasif Həsənli
AzNews.az