Telli Pənahqızıdan TV-lərə sərt tənqid: “Kim daha çox səviyyəsizdi...” (Müsahibə)

8 Aprel 2015 16:14 (UTC+04:00)

"TELEVİZİYALARIN SAYI ÇOXALDIQCA TAMAŞAÇILARIMIZI İTİRDİK"

"Təəssüf ki, bu gün efir, qeyri-peşəkar aparıcıların və çox vaxt da populyarlığına görə efir və ekran etibar edilən müğənniciklərin üzündən baxılmaz hala gəlib. Nəhəng tamaşaçı auditoriyasını ələ almaq, onlara söz demək iqtidarında olmayanlar insanlara əxlaq dərsi keçir, "həyat təcrübəsi" öyrədir, "yol göstərirlər".

Bu sözləri Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) tanınmış jurnalistlərindən biri, şair-publisist Telli Pənahqızı "AzNews.az"ın əməkdaşı ilə söhbətində deyib.

Telli Pənahqızının fikrincə, az-çox savadı olan, özünə və ailəsinə hörmət eləyən səviyyəli tamaşaçı hər gün saatlarla efiri "zəbt eləyən" bu adamlara baxmaqdan bezib:

"Bu gün Azərbaycan televiziya məkanında reytinq marağında olan telekanalların əsas tamaşaçı kontingenti evdar qadınlar, dedi-qodu və söz gəzdirmək marağında olanlardı. Aparıcılar onlara etibar edilən efir vaxtında özlərini sanki bulvarda, qonaqlıqda, onların sözləri ilə səciyyələndirsəm, "tusovkalardakı" kimi hiss edirlər. Onların böyük əksəriyyəti müzakirəyə çıxarılan problemi dərindən öyrənmədiyi üçün ağıllarına gələn sualı verdiyinin belə fərqində deyil və bu kəmsavadlar çox vaxt mətləbə dəxli olmayan bir söz söyləyib müsahibələrini və verilişə dəvət olunmuş şəxsləri elə gülünc və çıxılmaz vəziyyətə qoyurlar ki, o, bir də televiziyaya üz tutmaq istəmir".

-Telli xanım, müasir televiziya ilə keçmiş Sovet dövründəki televiziyaları bir-birindən fərqləndirən əsas xüsusiyyətlər hansıdır?

- Bu fərqləri sadalamaqla qurtaran deyil. Müasir dövrdə televiziyada işləmək, eyni zamanda aparıcı olmaq həm asandır, həm də həddindən artıq çətin və məsuliyyətli. Səbəblərini açıqlaya bilərəm.
Asandır ona görə ki, hər bir jurnalistin əlinin altında İNTERNET kimi nəhəng bir informasiya şəbəkəsi var: iş otağından çıxmadan nəinki yaşadığın şəhərdən, respublikadan, eləcə də dünyanın dörd bir yanından maneəsiz və operativ xəbər almaq imkanın var. İşin çətin tərəfisə bu informasiyadan istifadə məharəti, onu oxucuya, tamaşaçıya ötürmək səriştəsi, auditoriyaya aşılamaq bacarığıdır. Bu operativlik və bolluq bazarında o jurnalistlər və televiziyalar (radiolar, qəzetlər, saytlar) udur ki, orada peşəkarlar-yəni NƏYİ, NİYƏ, NECƏ, NƏ ÜÇÜN verdiklərini dəqiq bilənlər çalışır. Hər hansı bir hadisə, fərq eləməz bu dövlət tədbiridir, məktəbdə görüşdür, akademiyada yığıncaqdır, rayonda fermerlərin toplantısıdır və ya deyək ki, bu gün Azərbaycanın həyatı və taleyi ilə bağlı olan siyasi bir hadisədir, ya teatrda premyeradır, MÜXBİR ora hazırlıqlı getməlidir. Verdiyi suallar hadisənin mahiyyətini açmağa yönəlməlidir, hər kəsin marağında olduğu məsələnin vacib tərəflərini öyrənilməlidir. Yoxsa, müxtəlif KİV-ləri təmsil edən əli mikrafonlu birisi teatrın foyesində direktor hesab etdiyi şəxsi yaxalayıb "filankəs müəllim, bu əsərin mövzusundan bir az danışardınız da!!!" - deyirsə, mənim təkcə o "jurnalistə" yox, onu obyektə göndərənlərə də yazığım gəlir.

İndi dəbdir, bir çoxları telefonla zəng vurur və ya FB-da adama mesaj göndərib müsahibə almaq istədiyini bildirir. Soruşursan ki, nədən yazmaq istəyirsiniz? Cavabı: əşi, bir mövzu tapacağıq da... yetər ki, siz razılıq verin, mən sualları göndərim və ya istəyirsiniz telefonda danışaq, diktafona yazacam... Bu anda bilirsinizmi, o müxbir kimə bənzəyir? Mətbəx verilişində bişirdiyi xörəyin ətrindən danışıb onu tamaşaçıya hiss etdirməyə çalışan aşpaza! Mən və ya bir qeyrisi canlı insanıq axı, sən bizim üzümüzü görmədən, suallarına reaksiyamızı hiss etmədən, yaşadığımız emosiyaların şahidi olmadan haqqımızda necə maraqlı və ya oxucu cəlb edə biləcək yazı hazırlaya bilərsən ki... Bir də sənin yazdığına tamaşaçı, oxucu, dinləyici inanacaqmı? Çətin!! Mənim üçün SÖZ canlıdır, çox müqəddəs və çox qiymətlidir. Onu həmişə peşəkar səviyyədə cilalamaq lazımdır.

- Azərbaycanda 1991-ci ilədək yalnız AzTV fəaliyyət göstərirdi və bu televiziyada gedən xəbərlər də, verilişlər də hazırlanarkən diqqətlə yoxlanılırdı, süzgəcdən keçirilirdi, sonra isə efirə verilirdi. İndi isə hər hansı bir xəbərin, reportajın, verilişin, şou və musiqi proqramlarının efirə verilməsində heç bir məhdudiyyət yoxdur. Sosial medialar vasitəsilə ilə də video materialları ötürmək çox asandır. Belə olan halda keyfiyyət azalır, kim nə istəyirsə, elə onu da efirə verir…

- Təbii ki, bu günün televiziya məkanını 1970-80-ci illərinin televiziyası ilə müqayisəyəyəgəlməz dərəcədə dəyişib, təkmilləşib, texniki imkanları zənginləşib, müasirləşib.. Dünya da dəyişib, insanlar da! İndi tamaşaçıların marağı, zövqü, dünyagörüşü də əvvəlki səviyyədə deyil. Oxucu və tamaşaçı bu gün ona təqdim edilən informasiyaların daha asan və çevik qavranılanını istəyir. Analitik verilişlər, məqalələr, araşdırmalar yalnız bu sahənin mütəxəssislərini maraqlandırır. Son illər bizim cavan həmkarlarımız gündəmə qəribə bir jurnalistika və aparıcılıq vərdişləri gətirdi. Kim nə qədər sərbəstdir, kim nə dərəcədə səviyyəsiz və zövqsüzdür, kim nə qədər dayaz və savadsızdır - deyə yarışa çıxdılar. Efir işbazların reklam güzgüsünə çevrildi. Verilişlərə pasibanlığı (sponsorluğu) kolbasalar, şirələr, şubalar, boyalar etməyə başladı. Mən hələ də bu cümləni başa düşə bilmirəm: "Azərcell -in hədsiz tarifi" - nə anlama gəlir?

Düzdür, deyirik ki, televiziya informasiya mənbəyidir, ancaq bu informasiya mənbəyindən ağılla istifadə etmək lazımdır. Təəssüf ki, son vaxtlar ədəbi dil normaları tamam unudulub. Hətta bizi "siz kitab dilində danışırsınız, bizsə xalq dilində!" - deyib suçlayanlar da olur. Amma belələri unudulurlar ki, efir və ya ekran sənin yaşadığın kənd, məhəllə, atanın- babanın koması deyil ki, sən ayağını ayağının üstünə aşırıb, yaxanı-başını açıq qoyub, üz-gözünü bəzəyib əl –qolunu ölçə-ölçə ağlına və ağzına gələni danışasan!!! Bütün bunları görən və özünü, ailəsini, ailədə böyüyən körpələrini bu yarımçıq "nömrə birlərdən" qorumaq istəyənlər tədricən bizim tamaşaçılarımız olmaqdan imtina edir. Jurnalist sözü də , jurnalistika özü də dəyərdən düşür. Bir vaxtlar televiziya, radio bir məktəb idi, jurnalistin özü də, sözü də dəyərli idi. Biz teleradionun diktorları kimi danışmağa, geyinməyə çalışırdıq, onlar kimi olmaq istəyirdik. İndi isə nə ədəbi dil qalıb, nə efir mədəniyyəti... Hərdən yolda olanda radio verilişlərinə qulaq asıram. Düşünürəm ki, bu səs sahiblərini görəsən hansı özəlliklərinə görə seçirlər, onlara efiri etibar edirlər. Bu, "müasir jurnalistikanın" dildən, ədəbiyyatdan xəbəri yoxdur deyəsən....

- İllər əvvəl efirdə gördüyümüz və hər kəsin yaddaşında bu gün də hörmətlə xatırlanan diktorlar, aparıcılar olub. Sizcə indi, yəni televiziyaların texniki imkanlarının artdığı, maarifləndirici və informasiya verici verilişlərin daha çox tələb olunduğu bir vaxtda, niyə yaxşı aparıcı, diktor yetişmir?

- Yetişmir, deyib qətiyyət möhürü vurmaq məncə, bir qədər sərt ittaham oldu. Ara-sıra bəzi kanallarda da özünü ifadə etməyi bacaran televiziyaçılar var. Lakin onlar o qədər azdır ki, bu xaosda görünmürlər. Elə AzTV-nin diktorluq və aparıcılıq məktəbinin yetirməsi olan cavanlara baxın! Onların arasında həm nitqinə, həm geyim mədəniyyətinə, həm informasiyanı çatdırmaq bacarığına görə yaşıdlarına örnək ola biləcək istedadlı və qabiliyyətli gənclərimiz var. Onlar bəlkə də özəl TV-lərdəki qədər sərbəst, "özbaşına" deyillər! (Bizim tamaşaçıları son illər qalmaqala, saçyolduya, müğənnilərin bir-birini təhqir meydanına çevirməklə reytinq qazanan TV kanalları onları bəyənməyə bilər). Ancaq biz efir mədəniyyətini, ədəbi dil normalarını qoruyuruq, mövzuların rəngarəngliyinə, bolluğuna diqqət yetiririk, ən başlıcası isə tamaşaçının, xüsusilə də gənclərin və yeniyetmələrin zövqünü korlamağa çalışmırıq! Soruşa bilərsiniz ki, mükəmməl TV məktəbi keçənlər niyə öz təcrübələrini gənclərə öyrətmək istəmir? İnanın ki, öyrənmək həvəsində olanlar çox azdır! İndi hamıya ucdantutma peşəkardır, ulduzdur, reytinqlər qıran səviyyədə aparıcıdır! deyənlər də var! Bu "tərifdən" sonra kim qəbahətioni etiraf edər ki...Tutaq ki, biz indiki aparıcılara oxu tərzini, tələffüz qaydalarını, sözün, cümlənin və ya söylənən fikrin məntiqi vurğusunu tapmağı öyrətdik, ancaq o, yenə düşündüyü kimi, adət etdiyi kimi danışacaq. Çünki, bazası zəifdir, bədii ədəbiyyat oxumur, bəzi sözlərin, terminlərin mənasını belə bilmir.Ölkənin tarixindən, ədəbiyyatından, musiqisindən xəbəri yoxdur, Azərbaycanın yazıçı və şairlərini, musiqiçi və rəssamlarını. elm adamlarını, mə.hur insanları tanımır. Efir bəzənib düzənməyi sevsə də, 5-6 dəqiqədən sonra tamaşaçı sənin xarici görünüşünü unudub, nə dediyini və necə dediyini izləməyə başlayır və onda da görür ki, qarşısında əyləşən və evinin yuxarı başındakı "qutudan" boylanan adam əslində, çox piyadadır və yavaşca pultun düyməsini basır! Təəssüf ki, bu gün jurnalistikanı asan peşə sayan və efirin hesabına məşhurlaşmaq istəyənlər çoxdur və məncə artıq bu qeyri-peşəkarların qarşısına "Durun!" sözü yazılmış lövhə qoymağın vaxtı çatıb!

- Milli Televiziya və Radio Şurasına daha böyük səlahiyyətlər verilməlidir ki, onlar belə aparıcıların efirdə görünməsini əngəlləyə bilsinlər?

- Bu qurumun son vaxtlar müxtəlif telekanallarda yol verilmiş biabırçılıqlarla bağlı xəbərdarlığı olub. Amma bu qurum hər telekanalın, qəzetin, saytın başının üstünə bir Demokl qılıncı asa bilməz ki…Hər kəs öz işinə nəzarət eləməlidir! Bəs televiziya və radioların, oxumağa bir salamat cümlə tapmadığımız bəzi sayt və qəzetlərin rəhbərlərinin işi nədən ibarətdir, niyə onlar cavabdehlik daşımır?

Əvvəllər həm teleradioda, həm də qəzetlərdə senzura vardı. Bu sözə indi də bəziləri çox qəbuledilməz, Sovetdən qalma qadağa möhürü kimi baxır. Bir vaxtlar onun ləğvinə çalışanlar indi başa düşürlər ki, əslində, senzura təkcə Sovetin gizli sirlərinin yayılmasının, kəm-kəsrlərinin ölkədən kənara çıxarılmasının və ya geniş kütləyə bəlli olmasının qarşısını almaqla mə.ğul olmurdu. Bu gün KİV-də senzura- bunu necə istəyirsiniz adlandırın, baş alıb gedən xoşagəlməz və zərərli tendensiyaların aradan qaldırılmasına dəstək ola biləcək bir nəzarət sahəsi ola bilər! Bilirsinizmi, hər şeyi açıq-aşkar efirə vermək hələ peşəkarlıq və ya başqasından daha ağıllı olmaq demək deyil. Belə düşünənlər millətin psixologiyasına necə böyük zərbə vurduqlarını bəlkə də hələ heç başa da düşmür. İnsanları şok xarakterli informasiyalarla yerindən oynatdıqlarına "sevinənlər" sabah əkdiklərini öz balalarına yedirtməli olacaqlar!

- Siz peşəkar bir televiziyaçı kimi həftə ərzində hansı verilişin yayımını gözləyirsiniz?

- Mənim Azərbaycan televiziya məkanında səbirsizliklə gözlədiyim verilişlər çox azdır. Ümumiyyətlə, Azərbaycan televiziyalarına əsəbiləşdiyimə görə baxmıram. Amma işimlə bağlı öz televiziyamızın verilişlərinə hər gün baxıram və sizə əminliklə deyə bilərəm ki, AzTv-nin verilişlərinin bir çoxu həm mövzu və məzmuna, həm aktuallığına, həm rejissor işinə, həm aparıcıların səviyyəsinə, həm də texniki imkanlarına görə bütün digər kanalları üstələyir.

Heç kəsə sirr deyil ki, ölkəmiz müstəqilliyinə qovuşandan sonra özəl televiziyaların sayı çoxaldıqca, biz tamaşaçılarımızı itirdik. İnsanlar yeni yaradılan televiziyalara baxmağa daha çox can atdılar. Guya, bu TV-lərdə açıq-saçıqlıq var, sözü düz demək olur. Amma indi insanlar başa düşdülər ki, dilin qorunması da, hadisələrin təsvirinin düzgün çatdırılması da mənim illərdən bəri çalışdığım televiziyada daha çoxdur. Televiziya bir təbliğat maşınıdır. Biz nəyə görə efirə çıxırıq? Əlbəttə əsas hədəfimiz, başlıca məqsədimiz insanları maarifləndirməkdir. Və bu maariflənmə işi planlı şəkildə aparılmalıdır. Təbii ki, heç kimi zorən hansısa bir istiqamətə yönəltmək mümkünsüzdür, bu heç lazım da deyil. Lakin gəlin unutmayaq ki, televiziya nəhəng auditoriyaya malik olan informasiya vasitəsidir. Bu vasitədən daha çox ağıllı və bacarıqlı insanlar faydalanır, onun misilsiz təsir gücündən səmərəli istifadə etməyə çalışmaq lazımdır.

- Bəs onda televiziyalara kimlər baxır? Belə bir statistika varmı?

- Statistika bundan ibarətdir ki, son vaxtlar televiziyalara baxanların sayı çox azalıb. Ancaq istəsək, pultla dünyanın əksər televiziya kanallarına baxa bilərik. İndi televiziyaya orta nəsil və evdar qadınlar baxır. Digər kateqoriyadan olan insanlar isə ya ümumiyyətlə, televiziyaya baxmır, ya da xarici kanallara maraq göstərirlər. Bu informasiya boşluğunu doldurmaq üçün isə digər elektron vasitələr var. Hamı bilir ki, müasir dövrümüzü saytlarsız təsəvvür etmək çətindir. Belə internet məkanında istər-istəməz televiziyaya baxanların sayı günü-gündən azalır. Smartfon telefonlar, planşetlər və noutbuklar asanlıqla televiziyaları əvəz edə bilir. Çünki sadaladığımız elektron vasitələrinin hər birində saysız-hesabsız televiziya kanallarına və görüntüsü olan sosial şəbəkələrə baxmaq olur. "Mircosoft" şirkətinin yaradıcısı Bill Qeyts də bir neçə il öncə demişdi ki, 2015-ci ildən sonra dünya əhalisi televiziyalara baxışlarını azaldacaq və onun yerini smartfonlar, planşetlər tutacaq. Bəlkə də adam haqlıdır. Amma indi bir çox ölkələrdə internet şəbəkələrindən istifadənin məhdudlaşdirilması barədə də fikirlər səslənməkdədir. İnşallah, yaşıyarıq, görərik!

P.S: Telli Pənahqızı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı İdarəetmə Akademiyasını bitirib. H.B.Zərdabi, "Qızıl qələm", M. Araz mükafatlarının lauretıdır. Respublikanın Əməkdar mədəniyyət işçisidir. 3 şeir kitabının, 8 publistik və sənədli povestin müəllifidir. 1980-ci ildən AzTV-də çalışır.


Babək Göyüş