“Veysəloğlu” qiymətləri qaldırıb? – Şirkətdən açıqlama

8 Aprel 2015 18:56 (UTC+04:00)


Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədov AzNews.az-a açıqlamasında şirkətin məhsullarında heç bir qiymət artımının olmadığını deyib. O, "Ulduz" şokolad fabrikinin də məhsullarının satışının köhnə qiymətlərlə həyata keçirildiyini bildirib. "Şirkət idxal ilə məşğul olduğundan dolların bahalaşması bizim üçün təsirsiz ötüşməyib. Lakin qiymət artımı baş verməsin deyə istehsalçı ölkələrin fabrikləri ilə danışıqlara gedərək, bu istiqamətdə müvafiq addımlar atmışıq. Maksimum dərəcədə çalışırıq ki, qiymət artımı olmasın. "Veysəloğlu" şirkəti hər zaman siyasətini müştəriləri düşünərək müəyyənləşdirir. Bu gün də süni qiymət artımına yol verməmək üçün çalışırıq".

İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri belə xəbərlərin ajiotaj yaratmaq məqsədi ilə yayıldığını düşünür: "Onlar bu durumdan istifadə edərək şirkətlə bağlanmış müqavilə əsasında yaranmış borc öhdəliyini həyata keçirməkdən yayınmaqdan istəyirlər. Belə ki, bəzi marketlər aldıqları mallara görə köhnə borcları ödəməkdən boyun qaçırmağa çalışırlar. "Veysəloğlu" şirkəti isə bu münasibətləri və yaranmış bu halları qanun müstəvisində həll edir".

Qeyd edək ki, bəzi mətbu orqanlarında "Veysəloğlu" şirkətinin və "Ulduz" şokolad fabrikinin məhsullarının qiymətlərinin artdığı ilə bağlı yazılar dərc olunmuşdu.