“Nazirlərin əleyhinə 1000-dən artıq məqalə yazmışam“ - Seymur Verdizadə

9 Aprel 2015 10:03 (UTC+04:00)

- Seymur müəllim, adətən qeyd olunmayan 40 yaşı siz necə qarşılayacaqsınız?

- Heç vaxt təm-təraqlı ad günü keçirməmişəm. Həmişə olduğu kimi, doğum günümü yenə ailə üzvlərimlə bir yerdə qeyd edəcəyəm. Masanın arxasında əyləşəndə Allaha dua edəcəyəm ki, mənə növbəti ad günümü də əzizlərimlə birlikdə keçirməyi qismət eləsin.

- Mətbuata çox gənc yaşlarınızda gəlmisiniz. İndi, bu yaşda özünüzü qocaman jurnalist hesab etmirsiniz?

- Dahi Üzeyir bəy "O olmasın, bu olsun" əsərini yazanda çox gənc olub. O vaxt Üzeyir bəy fikirləşirmiş ki, 50 yaş əsrin yarısı olduğu üçün insan bu yaşda evlənə bilməz. Amma özü 50 yaşına çatanda etiraf edib ki, Məşədi İbada qarşı haqsızlıq edib. On beş-iyirmi il əvvəl elə bilirdim ki, 40 yaş çoxdur. Hətta bəzən bu qədər yaşayacağıma ümid etmirdim. Ancaq illərin necə keçdiyindən özümün də xəbəri olmadı. Bir də baxdım ki, 40 yaşın astanasındayam və dostlar müsahibə almaq üçün qapını döyürlər. Məncə, 40 yaş insan zəkasının pik nöqtəyə çatdığı dövrdür. Elə bilirəm ki, indi yaradıcılığımın ən məhsuldar dövrünü yaşayıram. Yaşı bəhanə edib, qələmi yerə qoymaq fikrim yoxdur. Hələ deməyə sözüm çoxdur.

- Vaxtilə ölkənin ən tirajlı qəzetlərində çalışmısınız. Mətbuatın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Mətbuata 1998-ci ildə gəlmişəm. Biz xələflərimizdən daha şanslıyıq. Redaktoru olduğum "Bu gün" qəzeti 28 min tirajla çıxırdı. Qəzetin loqotivi qırmızı idi. Avtobusa, metroya minəndə elə bilirdik ki, dörd bir yanda lalələr açıb. Çünki hərənin əlində bir qəzet vardı. Zəhmətimizin bəhrəsini görmək bizi ruhlandırırdı. Amma indi çap mətbuatı ömrünü başa vurmaq ərəfəsindədir. Çap mətbuatından fərqli olaraq, elektron KİV-lər romantik oxucu yetişdirə bilmədi. 1998-2000-ci illərdə buraxdığımız bir hərf səhvinə görə oxucular redaksiyaya gəlirdilər. Amma indi saytlarda yüzlərlə səhv olur. Bəzən nazirin, icra başçısının da adını səhv yazırlar. Amma bu, oxucunun vecinə deyil. Oxucu tələbkar olmadığı üçün jurnalist məsuliyyəti getdikcə azalır. Bəxtim orda gətirib ki, qəzetdəki oxucularımı öz arxamca saytlara gətirə bilmişəm. Həmin adamlar məni formadan düşməyə qoymurlar.

- Dostlarınız deyir ki, Seymur Verdizadə 40 ildə qazana bilmədiyi məşhurluğu hansısa şou-proqrama qatılandan sonra qısa müddət ərzində qazandı. Bu fakt sizi kədərləndirmir ki?

- Sualınızdakı istehzanı hiss etməmək mümkün deyil. Amma narahat olmayın, mən tənqidə dözümlü adamam. Hesab etmirəm ki, efirə çıxana kimi heç kim məni tanımırdı. Bir az əvvəl də qeyd etdiyim ki, mən peşəkar jurnalist kimi fəaliyyətə ölkənin ən çox oxunan qəzetində başlamışam. "Bu gün" qəzetində yazdığım köşə yazılarına görə az müddət ərzində xeyli adam məni tanıdı. 40 yaşın verdiyi sərbəstlikdən istifadə edib, ömrümdə bircə dəfə qeyri-təvazökar davranmaq istəyirəm. 1998-ci ilin yayında hərbi xidmətə getdiyim gün öz əsgər yoldaşlarım məndən avtoqraf alırdılar. O ki qaldı sualınıza, demək istəyirəm ki, şou-proqram adlandırdığınız həmin verilişdə biz kifayət qədər ciddi məsələlər müzakirə edir, cəmiyyəti düşündürən problemlər barədə fikir mübadiləsi aparırıq. Mən jurnalistəm. Jurnalist təkcə yazmağı deyil, həm də danışmağı bacarmalıdır.

- Ümumiyyətlə, ekrandan cəmiyyətin necə göründüyü barədə fikirləriniz maraqlı olardı...

- Biz necə varıqsa, ekrandan da elə görünürük. Əslində, hardan baxmağın heç bir əhəmiyyəti yoxdur. Yaxşı görünmək üçün yaxşı olmaq lazımdır.

- Son vaxtlar sizi tez-tez tədbirlərdə görürük. Gah Bakıda, gah da rayonlarda keçirilən tədbirlərdə iştirak edirsiniz. Tədbir olmayanda isə TV proqramlarına qatılırsınız. Bu qrafiki kim müəyyənləşdirib?

- Digər jurnalistlər kimi mənim də əsas vəzifəm yazmaqdır. Mən öz işimlə məşğul oluram. Həm Qafqazinfo.az saytında, həm də sizin saytınızda tez-tez çıxış edirəm. Amma vaxtımı düzgün böldüyüm üçün ictimai fəaliyyətlə də məşğul ola bilirəm. 2008-ci ildən Jurnalist Araşdırmaları Mərkəzinə rəhbərlik edirəm. Bununla paralel olaraq, JuHİ və TUMİB kimi nüfuzlu QHT-lərin İdarə Heyətində də təmsil olunuram. Bu isə o deməkdir ki, təkcə JAM-ın deyil, həm də JuHU və TUMİB-in, o cümlədən digər aparıcı QHT-lərin həyata keçirdiyi layihələrdə ekspert kimi fəaliyyət göstərirəm. Obrazlı desək, Azərbaycan Qazaxda qurtarır. Son 4-5 ildə Qazax, Ağstafa və Tovuz rayonlarında keçirilən 20-dən artıq tədbirdə iştirak etmişəm. Bu günə kimi Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, QHT Şurası, KİV Fondu və Gənclər Fondu tərəfindən maliyyələşdirilən 50-dən artıq layihənin eksperti olmuşam. Harda insanlar məni dinləmək, fikirlərimlə tanış olmaq istəyirlərsə, orda olmağı özümə borc bilirəm. Sadə bir misal çəkmək istəyirəm. Ötən ayın 12-də Gənclər və İdman Nazirliyinin dəstəyi, TUMİB-in təşkilatçılığı ilə Tovuzda "Sağlam həyat tərzi-gənclərin iştirakı ilə ictimai müzakirələr" adlı tədbir keçirilirdi. Həmin tədbirdə təxminən 40 dəqiqə çıxış edib, gəncləri zərərli vərdişlərdən çəkinməyə çağırdım. Toplantı başa çatandan sonra iki yeniyetmə mənə yaxınlaşıb dedilər ki, müəllim, biz siqaret çəkirik. Amma sizə söz veririk ki, bu gündən etibarən bir daha dilimizə siqaret dəyməyəcək. Həmin iki yeniyetmənin hətta biri sözünün üstündə dayansa, bu, Azərbaycan üçün böyük qazancdır.

- Saytlardakı yazılarınızın hamısında bir ortaq cəhət var: hamısı tənqidi ruhdadır, amma heç birində konkret ad, hədəf yoxdur. Bu, 40 yaşın gətirdiyi ehtiyatdan qaynaqlanır, yoxsa peşəkarlıq əlamətidir?

- Görünür, siz yaxşı oxucu deyilsiniz. Əgər mənim yaradıcılığımı mütəmadi izləsəydiniz, bilərdiniz ki, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Rövnəq Abdullayev, Hacıbala Abutalıbov, o cümlədən, digər məmur-oliqarxlar barədə yazdığım tənqidi məqalələrin sayı çoxdan 1000-i keçib. Jurnalistin vəzifəsi həqiqəti yazmaqdır. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycanda məmurların əksəriyyəti öz vəzifələrinin öhdəsindən pis gəlirlər. Bunu ictimailəşdirmək biz jurnalistlərin borcudur. Əgər bacarmırıqsa, deməli, biz öz vəzifəmizin öhdəsindən yaxşı gələ bilmirik.


Aydan Axundova