“İlin ən uğurlu millət vəkili” seçildi - FOTO
13 Aprel 2015 16:27 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Q.Paşayeva özünün facebook səhifəsinə yazıb. O bildirib ki, Türkiyədə "Gap Gazeteciler Birliyi" tərəfindən "Gap Oskarları ödül törəni" keçirilib. Gap Gazeteciler Birliği, Adıyaman Valiliyi, Adıyaman Bələdiyəsi, Adıyaman Universiteti tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və qurumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-lər, mətbuat və media qurumları, alimlər iştirak ediblər və mükafatlandırılıblar.
Millət vəkilinə mükafatı Adıyaman valisi Mahmut Demirtaş təqdim edib. Qənirə Paşayeva mükafat üçün təşəkkür edib:
"Mən bu mükafatı bu gün mənim burada ola bilməyim üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, fədakarca çalışan böyük dövlət adamlarımız və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm".
Xocalı Soyqırımından danışan millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:
"Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".
Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim edib.
Bahar RÜSTƏMLİ
AzNews.az