“Səni axtarıram” ANS-də işə belə başladı (VİDEO)

15 Aprel 2015 17:44 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, "Səni axtarıram" tam heyəti ilə artıq iş başındadır. Kimi gələn zəngləri qəbul edir, kimi də onlara daxil olan məktubların məzmunu ilə tanış olur. Yenə də birilərini sevindirmək, onlara xoş xəbər vermək üçün. Artıq öz doğmalarından ayrı düşənlər "Səni axtarıram"ın qapısını döyməkdədirlər.

Layihənin axtarış şöbəsi də gərgin iş rejimindədir. Azərbaycandan eləcə də ölkə hüdudlarından kənarda onlara edilən müraciətləri araşdırmaqdadırlar. Dediklərinə görə, bəzən bu araşdırmalar illərlə davam edir. Çünki axtarılan şəxslərin sənədləri, qeydiyyatı olmadığından onlar barədə lazımi informasiyanı tapmaq çətin olur. Amma komanda daha da əzmlə çalışaraq onlara üz tutanların hər birinə xoş xəbər vermək niyyətindədirlər. Bu niyyətlərini isə ANS-də həftə içi yayımlanacaq verilişdə gerçəkləşdirəcəklər.

Layihənin axtarış şöbəsinin rəhbəri Səbinə Alicanova deyir ki, axtarılanların əksəriyyəti Rusiyadandır. Amma onlara Almaniyadan, Fransadan və Polşadan da müraciətlər edilib. Ümumilikdə 50 mindən çox insanın axtarışı davam etdirilir.

Layihə yenilənmiş, bir qədər fərqli formatda və dekorasiyada tamaşaçılara təqdim olunacaq. Artıq komandanın iki üzvü axtarışlarla bağlı Ulyanovskda çəkilişdədir. Layihənin müəllifi, 5 ildir ki, bu verilişin bütün yük və əziyyətini çiyinlərində daşıyan aparıcı, Xoşqədəm Hidayətqızı ANS- dəki tamaşaçı auditoriyasının daha çox olacağına inanır və bu verilişin ANS zirvəsinə qalxacağına əmindir.

Layihənin aparıcısı Xoşqədəm Hidayətqızı bildirdi ki, yeni formatda yayımlanacaq verliş çox maraqlı olacaq.

İşə şirin təam, yəni ANS-in onlara hədiyyə etdiyi tortla başlayan işçilərə uğurlar olsun. Çünki onları böyük mübarizə gözləyir.