Prezident Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdi

19 Aprel 2015 14:55 (UTC+04:00)

Səfir Beybit İsabayev fəxri qarovul dəstəsinin qarşısından keçib. Beybit İsabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı müasir dövrdə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxdığını məmnunluqla qeyd edib. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstanın mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini deyərək bütün bunların əməkdaşlığımızın potensialının daha da gücləndirilməsi işinə xidmət etdiyini bildirib. Prezident İlham Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində əməkdaşlıqla bağlı Azərbaycan ilə Qazaxıstan arasında tam qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısı Beybit İsabayevin səfir kimi fəaliyyəti dövründə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və ölkələrimizin regional əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərinin daha da artırılacağına ümidvar olduğunu deyib.

Səfir Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirən səfir Beybit İsabayev fəaliyyəti dövründə əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.