Dünya çempionu: “O, nəhəng idi” – FOTO - VİDEO

10 Oktyabr 2012 10:12 (UTC+04:00)


Həvəskar boks üzrə dünya, Avropa çempionatlarının mükafatçısı və London Olimpiadasının bürünc medalının sahibi, boksçu Teymur Məmmədovun AzNews.az-a müsahibəsi

- Özünüz haqqında qısa məlumat verərdiniz...

- Mən Teymur Məmmədov Füzuli oğlu 1993-cü il yanvarın 11-də Rusiyanın Tomsk şəhərində doğulmuşam. Anam qazaxıstanlıdır, amma Rusiyada doğulub. Atam isə azərbaycanlıdır. Həmişə mənim haqqımda deyirlər ki, guya, rusam, ləzgiyəm, dağlıyam. Bunu ona görə deyirlər ki, sarışınam və Azərbaycan dilində yaxşı danışa bilmirəm. Əslində isə mən azərbaycanlıyam və buna görə də fəxr edirəm. İstərdim ki, hamı bilsin ki, MƏN AZƏRBAYCANLIYAM. (Teymur Məmmədovun öz xahişi olub ki, milliyətini böyük hərflə yazılsın – red.) yarışlarda Azərbaycanın bayrağını qaldırmaq üçün çalışıram.

İdmanın boks növü ilə 2006-cı ildən məşğulam. İlk dəfə Beynəlxalq yarışa 2008-ci ildə Bolqarıstanda keçirilən yeniyetmələr arasındakı Avropa çempionatında iştirak etməklə başlamışam və həmin yarışda qızıl medal qazandım. Daha sonra 2010-cu ildə Bakıda gənclər arasında keçirilən dünya çempionatında iki döyüşün qalibi oldum. Amma türk boksçusuna uduzmağım, məni Sinqapurda keçirilən gənclər arasındakı olimpiadadan məhrum etdi.

2011-ci ildə kişilər arasında keçirilən Avropa çempionatında qızıl medal qazandım. Onu da qeyd edim ki, Azərbaycanda boks üzrə 18 ildir ki, çempion olmayıb. İlk Avropa çempionumuz 1993-cü ildə Rövşən Hüseynov olub. Bu, tarixdir.

Eyni ildə - 2011-ci ildə London Olimpiadasına lisenziya verilməsiylə bağlı Bakıda boks üzrə dünya çempionatı keçirildi. Həmin dünya çempionatda gümüş medala layiq görüldüm və 2012-ci ildə keçiriləcək London olimpiadasına lisenziya qazandım. Bundan sonrasını isə hər kəs bilir. Belə ki, London olimpiadasında bürünc medal qazandım.

- Gənc idmançının şəxsi həyatına vaxt ayırması çətindir, yoxsa hər şey insanın özündən asılı olduğunu düşünürsünüz?

- Subayam. Ailə qurmaq istəyirəm. Hazırda bəyəndiyim, uyğun qız tapa bilməmişəm. Məncə, hər şey insanın özündən asılı ola bilər.

- Mərhum azərbaycanlı boksçu Ədalət Məmmədovla sizi bağlayan bir çox məqamlar var. Bu məqamlardan biri də olimpiyada döyüş zamanı hakimlərin qərarlarıyla bağlıdır...

- Mən Ədalət Məmmədovu görməmişəm, amma onun haqqında çox eşitmişəm. Onun döyüşlərinə baxmışam. Bir sözlə onu deyə bilərəm ki, Azərbaycan idman tarixində belə insan olmayıb və məncə olmayacaq də. Hal-hazırda 91 kiloqram çəkidə London Olimpiadasında bürünc medal qazanan və dünya çempionumuz Maqamed Rəsul Məcidov da var ki, o da çox güclü boksçudur. Amma heç kim Ədalət Məmmədov kimi döyüşçü ola bilməz. Ədalət başqa cür döyüşürdü, mən isə başqa cür... o, 140 kiloqram çəkidə peşəkarlar arasında döyüşürdü və nəhəng idi. Fiziki baxımdan dözümlü, zərbəsi çox güclü idi. Onunla aramızdakı fərq, mənim texniki boksçu olmağımdır. Düzdür, müəyyən yaşa çatandan sonra peşəkarlar arasında mənim də döyüşlərim olacaq.

Olimpiyada da hər şey əvvəlcədən planlaşdırılır. Əgər təsadüfü heç nə olmasa, qalib əvvəlcədən məlumdur. Nakaoult etsəydim, hər şey xeyrimə dəyişilə bilərdi, amma olmadı. Ədalətlə məni yeganə bağlayan amil, olimpiadada hakimlərin bizi sıxışdırması olub. O, qalib olsaydı medal qazanacaqdı. Təəssüf ki, 5-ci yerə çıxdı. Mən isə medal qazanmışam. Amma gümüş medal uğurundakı mübarizədə məni məğlub etdilər. Əslində, bürünc medal idi.

- Məğlub olmağı qəbul etmək çətin deyil?

- Bəzi idmançılardan fərqli olaraq, uduzmağı qəbul edirəm. Elə idmançılar var ki, ağlayar, hakimlə mübahisə edər, səs-küy salarlar. Mən isə rinq bitdikdən sonra, hakimin verdiyi qərara hörmət edirəm.

- Azərbaycanda rinq mədəniyyətinin vəziyyəti necədir?

-Əvvəlcədən onu deyim ki, idmançılar arasında qarşılıqlı hörmət var. Amma rinqdə isə hər bir boksçu bir-birinə qarşı rəqib olur. Hətta iki qardaş rinqdə üz-üzə gəliblər ki, elə bil bir-birilərinə düşmən kəsiliblər. Rinqdən sonra isə hər şey əvvəlki kimi olur. Özüm olduğum rinqlərdə hər şey yaxşı olub.

P.S

Teymur Məmmədov müsahibə boyu Ədalət Məmmədov barədə çox danışdı, ona qarşı edilən ədalətsizlikdən və bəlkə vaxtsız vəfatının səbəbinin də məhz bu ədalətsizliklə bağlı olduğundan bəhs etdi. Onun bu barədə söhbətlərini tam şəkildə yayımlaya bilməsək də, əməkdaşımız Mahir Hüseynbəylinin hazırladığı video süjeti müsahibənin davamı kimi təqdim edirik:



Fuad Mədətov
AzNews.az