Rusiya İsrailin sifətinə tüpürdü – Qalmaqallı silah ixracına ŞƏRH

21 Aprel 2015 15:15 (UTC+04:00)

Bu mülahizələri israilli jurnalist Yosi Melman "maariv.co.il" saytında yazıb. AZNEWS.AZ aktual məsələdən bəhs edən yazını təqdim edir:

Rusiyanın İrana S-300 zenit-raketləri satmaq qərarı bir neçə səbəblə əsaslandırılır. Ayətullah rejiminin hələ bu silahın hansı modifikasiyası ilə təmin olunacağı bəlli deyil. Lakin, bu ən köhnə model belə olsa, söhbət dünyadakı ən yaxşı hava hücumlarından müdafiə sistemindən gedir. Bu sistem İsrail HHQ-nin İran nüvə obyektlərini bombardman etməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək.

Ehtimal olunur ki, səbəblərdən ən mühümü Rusiyanın İran bazarını öz məhsulları ilə təmin etmək istəyi ilə bağlıdır. İranın əhalisi isə 80 milyon nəfər təşkil edir. Raketlə yanaşı, tərəflər 20 milyard dollar dəyərində neft sövdələşməsindən də danışırlar. Başqa bir səbəb isə, Rusiyanın ABŞ-dan həm sanksiyalara, həm də Ukraynaya silah ixracına görə intiqam almaq istəyi ola bilər.

Rusiyanın qərarı İranın yaxın zamanda, yəqin ki, iyunda nüvə proqramının məhdudlaşdırılması barədə sazış imzalaması ehtimalı ilə də əlaqədardır. Saziş imzalandıqdan sonra qərb ölkələri İrana qarşı sanksiyaları ləğv etməlidir. Şəxsən mən sanksiyaların İranın bildiridiyi kimi birdəfəlik deyil, Obamanın vəd etdiyi kimi mərhələli şəkildə ləğv edilməsinə inanıram.



Bu və ya digər şəkildə. Rusiya saziş imzalandıqdan sonra hələ ki, gizlin olan Tehran Vaşinqton əməkdaşlığının güclənməsindən ehtiyat edir. Bəlkə də, bu əməkdaşlıq iki dövlət arasında diplomatik münasibətlərin bərpa edilməsi ilə nəticələnəcək. Daha sonra isə ABŞ şirkətləri yenə də İran bazarını zəbt etməyə və şahın dövründəki vəziyyəti geri qaytarmağa cəhd edəcəklər.

Şübhəsiz ki, məhz qərbin İranla danışıqlar aparması Rusiyanın bu ölkəyə S-300 ixrac etməsi qərarına təsir edib. Lakin bütövlükdə, prezident Putinin bu qərarı Rusiya Federasiyasının milli maraqlarından və beynəlxalq əlaqələrdən irəli gəlir. Buna görə də İsrail hökuməti kəşfiyyat işləri üzəri nazir Yuval Ştaynitsin dediyi kimi Obama adminstrasiyasını İranla sövdələşmədə ittiham etməyə tələsməklə yanlış etdi. Yuvalın yəqin ki, baş nazir Binyamin Netanyahu ilə razılaşdırılmış bu açıqlaması İsraili Obama adminstasiyası ilə münaqişə həddinə çatdıran yanlış addımlar zəncirinin daha bir halqası oldu.

İsrail Vaşinqtona yox, Moskvaya hiddətlənməlidir. Lakin İsrail özünü xuliqanlar tərəfindən döyülən və bunda öz qardaşını ittiham edən qorxaq kimi apardı. Baş nazir Netanyahu bir sutka gözlədi və daha sonra Putinə zəng vurub İrana S-300 satılmasına etirazını bildirdi. Lakin, baş nazir ötən dəfə etdiyi kimi təyyarəyə əyləşib birbaşa Moskvaya gəlmədi. Doğrudur, baş nazirin bu addımı da sövdələşmənin qarşını almayacaqdı, amma İsrailin nə qədər narahat olduğunu göstərəcəkdi.

Netanyahu konqresdə çıxış edərkən belə etdi, lakin bu, ona heç bir kömək etmədi. İrana S-300 ixracı İsrailin üzünə tüpürmək oldu. Lakin, İsrail hökuməti böyük səylə özünü elə göstərir ki, sanki bu, sadəcə yağışdır.

İllərlə Netanyahu və Liberman başçılığı ilə İsrail hökuməti Rusiyaya qayğı göstərdi, Putini əsəbiləşdirməmək üçün mümkün olan hər şeyi etdi. İsrail Gürcüstana silah ixrac edirdi, lakin Rusiyanın tələbi ilə Gürcüstanı satdı. Bu yaxınlarda, İsrail və İran Krımın zəbt edilməsini qınamayan azsaylı ölkələr arasında yer aldı.



Bu siyasətin əsas məqsədlərindən biri İrana silah ixracının qarşısını almaq idi. Bir neçə illər ərzində Liberman da daxil olmaqla İsrail siyasətçiləri bildirdilər ki, ABŞ-dan asılılığı azaltmaq və Rusiyaya yaxınlaşmaq lazımdır. Onlar deyirdilər ki, bizə bu sərfəlidir. İndi isə aydın olur ki, bu, belə deyil.

Lakin, həqiqət ondan ibarətdir ki, bu silah ixracı olmasaydı da, İsrail HHQ çətin ki İrana hücum edəcəkdi. İsrail əsasən də, Corc Buş prezident olduğu zaman hücum etmək üçün yaxşı imkanlara malik idi. Yüksəkrütbəli nazirlərdən biri bir dəfə mənə dedi ki, biz fürsəti yeddi il əvvəl əldən verdik.



2010-2012-ci illərdə Netanyahu baş nazir, Ehud Barak isə müdafiə naziri olduğu zamanda elə görünürdü ki, İsrail tez bir zamanda hücum edəcək. Vurğulayıram, "görünürdü", çünki zənnimcə, hücum etməyə heç kəs hazırlaşmırdı da. Netanyahu və Barak sadəcə belə bir təəssürat yaratmaq istəyirdilər. HHQ məşq edir və səylə bütün təlimlərini dünya casus kameraları qarşısında nümayiş etdirirdilər. Keçmiş baş nazir Olmert bir dəfə demişdi ki, hücum hazırlıqlarına 11 milyard şekel sərf olunub. Netanyahu və Barak elə görüntü yaradırdılar ki, sanki, hücum hər an baş verə bilər. Hətta baş qərargah rəisinə ordunu müharibəyə hazırlamaq barədə əmr verdiklərinə eyham vururdular.



Bu yolla onlar baş qərargah rəisi Qabi Aşkenazi, "Mossad" şefi Meir Daqan və ŞABAK rəhbəri Yuval Diskinin səyi ilə bu hücumun qarşısının alındığı barədə təəssürat yaratdılar. Ekspertlər əmindirlər ki, bütün bunlar dezinformasiya idi. Netanyahu və Barak hücum etmək niyyətində deyildilər. Onlar dünyanın oyanması və İrana qarşı sanksiyalar tətbiq etməsi üçün səhnəcik hazırlamışdılar. Onların bu niyyəti baş tutdu. Barak Obama adminstrasiyası və Avropa hökumətləri başa düşdülər ki, müharibənin qarşısını almaq üçün İrana qarşı sanksiyalar tətbiq etmək və İranı nüvə proqramını məhdudlaşdırmağa məcbur etmək lazımdır.

Lakin, mən tam başqa fikir bildirəcəm. Hesab edirəm ki, İranla psixoloji müharibəsi çərçivəsində Netanyahu və Barak güc strukturlarının rəislərini də aldadıblar. Onlarda da müharibəyə hazırlıq təəssüratı yaradıblar. Bununla da onlar bütün ideyanın etibarlılığını alt-üst etdilər.