Devalvasiyanın mənzil bazarına təsiri – Ekspert rəyi

22 Aprel 2015 15:39 (UTC+04:00)

Bu müddət ərzində istehlak bazarında ərzaq mallarının qiyməti süni olaraq artırılıb. Bu da nəticədə qazanclarının böyük bir hissəsini əsasən ərzağa xərcləyən vətəndaşların yaşam tərzini dəyişdirib. Bu amillər özünü mənzil bazarında da göstərməyə başlayıb. Xüsusilə, Bakıda bir və iki otaqlı mənzillərin qiymətlərində artım müşahidə olunub.

İqtisadçı ekspert Samir Əliyev mənzil bazarında evlərin bahalaşması fikri ilə razı olmadığını bildirib.



O, AzNews.az-a deyib ki, bahalaşma əsasən manat ifadəsindədir: "Dollar ifadəsində qiymətlər nəinki sabiq qalmayıb, hətta ucuzlaşıb. Məsələn, əvvəllər 100 min manata satılan ev 78 min dollar edirdi. Devalvasiyadan sonra isə onun qiyməti avtomatik 105 min dollara çevrildi. Bu vəsaiti təbii ki, heç kim verməz. Satıcılar məcbur olub qiyməti aşağı salmağa başladılar. Bu məbləğ məsələn, 90 min dollara və daha aşağı düşdü. Deməli, evin qiymətində ucuzlaşma gedib. Əslində isə evlərin qiyməti dollar ifadəsində ucuzlaşır, manat ifadəsində isə bahalaşır. Mənzil bazarında əhalinin ən çox tələbatı qiyməti 100 min manatdan aşağı olan bir və ikiotaqlı evlərədir. Xüsusilə də 50-60 mindən aşağı olan evlərə tələbat daha çoxdur. Bu baxımdan həmin evlərin qiymətində müəyyən dövr artım gözləniləndir. Ancaq bahalı evlərdə, xüsusən də 100 min manatdan çox olan evlərin qiymətlərində isə artım müşahidə olunmur. Əksinə ucuzlaşma tendensiyası getdikcə artır".

Ekspert əlavə edib ki, neftin indiki səviyyədə qalacağı təqdirdə hökumət mənzil bazarını qabaqlayıcı addımlarla qoruya bilər: "İlk növbədə ipoteka kreditləşməsinin şərtləri yüngülləşməlidir, dövlət büdcəsindən bu istiqamətə yönəldilən vəsaitin həcmi artırılmalıdır. Söküntü işlərinin davam etdirilməsi də qiyməti yüksək saxlaya bilər. Əks halda mənzillərin ucuzlaşması davam edəcək. Təbii ki, bu, neftin indiki qiymətilə bağlı olan bir proqnozdur. Mənzil bazarında isə qiymət artımına yalnız neftin bahalaşması səbəb ola bilər".

Bahar RÜSTƏMLİ
AzNews.az