Bu gün “Dünya kitab və müəllif hüquqları günü”dür

23 Aprel 2015 11:11 (UTC+04:00)

Bu gün "Dünya kitab və müəllif hüquqları günü"dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (hər ikisi 1616-cı il aprelin 23-də vəfat ediblər) ehtiram olaraq təsis edilib.

1616 - Dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. "Romeo və Cülyetta", "Hamlet", "Kral Lir", "Otello", "Makbet" və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.

1616 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. "Don Kixot" romanı ilə şöhrət qazanıb. Digər əsərləri: "Parnasa səyahət" (poema), "Persiles və Sigizmunda" (roman).

1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa Şixlinski (1865-1943) Qazax qəzasınn Qazaxlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb. I Dünya müharibəsində Rusiyanın 10-cu ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.

1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: "Hərb və sülh", "Əsl insan haqqında povest" (opera), "Romeo və Cülyetta", "Zoluşka" (balet) və s.

1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902-1998) аnаdаn оlub. Əsərləri: "İsland zınqrovu", "Qaytarılmış cənnət", "Atom stansiyası".

1918 - Rus aktyoru, SSRİ Xalq artisti Georgi Mixayloviç Vitsin (1918-2001) anadan olub. L.Qaydayın məşhur komediyalarında ("Qafqaz əsiri", "I əməliyyatı və Şurikin macəraları" və s.) rolları ilə şöhrət qazanıb.

1918 - Məşhur fransız yazıçısı Moris Dryuon (Maurice Samuel Roger Charles Druon, 1918-2009) anadan olub. "Lənətlənmiş krallar" tarixi romanlar silsiləsinin müəllifidir.

1932 - Sovet İttifaqının ali rəhbər təşkilatı olan Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında qərar qəbul edib. Bu qərardan sonra SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbaycanda da Yazıçılar Cəmiyyətinin (1927-ci ildə təsis edilmişdi) yenidən qurulması haqqında təşkilatı tədbirlər görülüb və Azərbaycan Yazıçılar İttifaqı (13 iyun 1934) yaradılıb.

1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, 1993-cü ildən Milli Dram Teatrında çalışır. "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə məşhurlaşıb.

1996 - Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.

2002 - Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb. Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və Rusiya prezidentlərinin görüşündə Xəzərin hüquqi statusunun hazırlanması geniş müzakirə edilib. Lakin ikigünlük müzakirələrin sonunda işçi qrupu tərəfindən hazırlanmış yekun Bəyannamə layihəsi dövlət başçıları tərəfindən bitkin sayılmadığından imzalanmayıb.

2007 - Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib. Hesabatın ilkin variantındakı "erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır" ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilib. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa edib və ikitərəfli münasibətlər normal məcraya düşüb.