Tələt Paşanı öldürən erməni Tehliryanın oğlu danışdı: “Atam bir qatil idi”

23 Aprel 2015 15:59 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat "hurriyet" saytında yer alıb.

"Tim Neshitov" imzası ilə dərc olunan müsahibədə təhlükəsizlik səbəbilə adı açıqlanmayan oğul Tehliryan atası haqqında maraqlı bəyanatlar verib.

86 yaşlı Tehliryan deyib ki, Tələt Paşanı öldürdüyünə görə həbs edilən atası məhkəmədə düzgün ifadə verməyib: "Onun bacısı yox idi. Hakimə üç bacısı olduğunu demişdi. Atam heç vaxt məcburi bir köç həyatı yaşamayıb".

Atasının döyüşdən öncə bir çox erməni kimi pul qazanmaq məqsədilə Serbiyaya getdiyini bildirən oğul Tehliryan atasının üç qardaşı olduğunu və yalnız birinin Ərzincanda yaşayan anasının yanında qaldığını bildirib:
"Erməni xalqının onu bu gün də qəhrəman olaraq qəbul etməsini anlamıram. Bir qatil necə qəhrəman ola bilər. Elə mən də atamı qəhrəman kimi qəbul etməmişəm".

Atasının 1921-ci ildən sonra həddindən artıq milliyyətçi fikirlərdən imtina etdiyini dilə gətirən oğul Tehliryan bu ifadələri işlədib: "O, bu fikirləri çirkli bir corab kimi çıxarıb bir kənara qoydu. Atam böyük Ermənistan yerinə Kaliforniyada bir ev qurdu, bizimlə, ailəsiylə məşğul oldu. Onu buna görə sevirdim".

1960-cı il may ayının 23-də San-Fransiskoda ölən atasının sümüklərinin Ermənistan hökuməti tərəfindən 1915-ci il hadisələrinin 100-cü ildönümü ərəfəsində İrəvana gətirtmək tələbinə qarşı çıxdığını deyən Tehliryan əlavə edib ki, onun atası 1919-cu ildə İstanbulda da bir cinayət törədib: "Atam Tələt Paşaya ermənilərin siyahısını təqdim edən ermənini öldürüb. O, sakit bir insan idi. Eyni zamanda qatil hesab edilirdi. İstanbuldakı bu cinayəti mən ABŞ-da öyrəndim. Atam o barədə heç vaxt danışmırdı".