“Dostum olsa da Raufa qalib gəlməliydim“ - Şəhriyar Məmmədyarov

24 Aprel 2015 20:58 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Synergy Group-un təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar bir-birinə rəqib olub.

Şəhriyar Məmmədyarov ağ fiqurlarla millidəki komanda yoldaşı Rauf Məmmədovla heç-heçə oynayıb.

Partiyadan sonra Ş.Məmmədyarov səhvə yol verdiyini etiraf edib: "Düz 10 il əvvəl sonuncu dəfə klassik şahmatda Rauf Məmmədovla üz-üzə gəlmişəm. O vaxt onun 2300, mənim isə 2600 reytinqim var idi. Maraqlıdır ki, o zaman da görüş heç-heçə ilə başa çatmışdı.
Bu dəfə yaxşı başladım. Debütdən üstünlük qazandım. Hansı gedişi oynayacağımı bilirdim. Ardıcıl düzgün gedişlərdən sonra vəziyyət xeyrimə dəyişdi. Qara fiqurların vəziyyəti məğlub kimi görünürdü. Həlledici məqamda lazımi gediş diqqətimdən yayındı. Rahat qələbə qazanmalıydım. Nəticədə isə heç-heçə oldu. Mənə bu görüşü udmaq çox vacib idi. Turnir cədvəlindəki vəziyyət baxımından qələbənin çox lazım olduğunu anlayırdım. Ona görə də qələbə qazanmaq üçün oynayırdım. Təəssüf ki, alınmadı. Digər tərəfdən, dostuma qalib gəlmədiyim üçün üzülmürəm. Bununla belə, dostum olsa da, bu gün Raufa qalib gəlməliydim.

Rauf yaxın dostumdur. Uzun müddətdir Azərbaycan millisində çıxış edirik. İki dəfə iddiaçılar turnirində köməkçim olub. Turnir zamanı Raufa yığmamızın kapitanı Aleksandr Xalifmanın kömək edəcəyini bilirdim. Bu turdan əvvəl Xalifmana dedim ki, mənə qarşı hazırlaşan Raufa kömək etsəniz inciyəcəm. Axı millidə və bəzi turnirlərdə Xalifman hər ikimizə kömək olub. Debütdən sonra anladım ki, Xalifman Raufa kömək etməyib. Ümumiyyətlə, onun məşqçilik keyfiyyətləri yüksəkdir. O, millidə həm kapitan, həm də oyunçudur".

Partiyadan sonra Rauf Məmmədov bəxtinin gətirdiyini deyib: "Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Etiraf edim ki, Şəhriyarı çox yaxşı tanıyıram. Məmmədyarov iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər ikisində onun komandasında yer almışam.

Bu dəfə etiraf edim ki, bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Şəhriyar Azərbaycan yığmasının lideridir. Sözsüz, yaxın dostumdur. Bununla belə, böyük çətinliklə vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki, qaralarla oynayırdım.

Turnirin son günü doğum günüm olacaq. Həmin gün isə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacağam. Görək, necə olacaq".

Dünya çempionu Maqnus Karlsen isə Rusiya şahmatçısı Vladimir Kramniki məğlub edib. Sabiq dünya çempionu ardıcıl üç məğlubiyyətə görə üzüldüyünü gizlətməyib: "Ardıcıl üç məğlubiyyət yaxşı hal deyil. Bilmirəm, karyeramda belə vəziyyət olub, ya yox. Yadıma gəlmir. Son iki turda həvəslə oynayacağam. Hər halda şahmatı çox istəyirəm. Bununla belə, formada olmadığım aydındır. Partiyalar zamanı hesablamalarda səhvlərə yol verirəm. Gedişlərin ardıcıllığını düzgün etmirəm".

Norveçli dünya çempionu Maqnus Karlsen isə hazırda onu təbrik etməyin tez olduğunu bildirib: "Ardıcıl ikinci dəfə Şəmkirdən qalib kimi ayrılmağa yaxşı şansım var. Turnir cədvəlindəki vəziyyətim çox əladır. Amma təbrikləri qəbul etməyin vaxtı deyil. Qarşıda çox vacib iki oyun olacaq. Hər ikisində qalib gəlmək vacibdir".