Zərifə Əliyevanın ad günü ilə bağlı tədbir keçirildi – Lökbatanda (FOTOLAR)

28 Aprel 2015 16:57 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 92 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Azərbaycan Tibb Universitetinin professoru, YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Məhbubə Vəliyeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək dahi şəxsiyyət hörmət və ehtiramlarının bildiriblər.

Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə başlanıb.

Giriş nitqi ilə tədbiri açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova akdemik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.
Daha sonra çıxış edən qonaqlar oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıblar.

Qeyd edilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.