Milli Məclis yeni Konstitusiya layihəsini təsdiq edib – 20 il öncə
2 May 2015 09:39 (UTC+04:00)
Tarixdə bu gün mayın 2-də Prezident Heydər Əliyev faşizm üzərində Qələbənin 58-ci ildönümü münasibətilə amnistiya təşəbbüsü ilə çıxış edib. Amnistiya aktı ümumilikdə 14 min nəfərə şamil edilib, o cümlədən 3400 məhbus azadlığa çıxıb.
1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.
1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
1856 - Rus filosofu, ədəbiyyatşünas, yazıçı Vasili Rozanov (1856-1919) anadan olub. Kitabları: "Tərki-dünya", "Fanilik", "Tökülmüş yarpaqlar" və s.
1902 - Avstraliya yazıçısı Alan Marşall (Marshall, 1902-1984) anadan olub. Avtobioqrafik tilogiyası ("Mən gölməçələr üzərindən tullana bilirəm" , "Bu otdur", "Mənim qəlbimdə") ilə məşhurlaşıb. "Küləkdə pıçıltı", "Biz də belə adamlarıq" romanlarının, uşaqlar üçün kitabların müəllifidir.
1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, ssenarist, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. "Əlişir Nəvai", "İbn Sina" filmlərinə quruluş verib.
1911 - Məşhur tacik şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunub.
1920 - Əməkdar artisti, görkəmli sənətkar Ətayə Qulam qızı Əliyeva (1920 – 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, 1956-cı ildən Akademik Dram Teatrında çıxcış edib. Filmləri: "Onu bağışlamaq olarmı?" (leytenant Qarayeva - Sara xala), "Bizim küçə" (Bəyim xala), "Telefonçu qız" (Simuzər), "Uşaqlığın son gecəsi" (Mənsurə xala) və s.
1929 - Dilçi və ədəbiyyatşünas alim, professor Yusif Mirəhməd oğlu Seyidov Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
1946 - Tanınmış ingilis aktyoru Devid Suşe (David Suchet) anadan olub. Aqata Kristinin eyniadlı əsəri üzrə çəkilmiş "Puaro" serialında baş rolun ifaçısı kimi şöhrət qazanıb.
1992 – Türkiyənin baş naziri Süleyman Dəmirəl Azərbaycana ilk səfərə gəlib. Orta Asiya respublikalarına səfərdən sonra Bakıya gələn Dəmirəl burada respublika rəhbərliyi ilə (prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov) görüşüb, iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Türkiyə baş naziri, həmçinin Naxçıvana telefon edərək muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevlə fikir mübadiləsi aparıb.
1995 – Milli Məclis prezidentin təqdimatına əsasən, baş nazirin müavini Fuad Quliyevi baş nazir vəzifəsinə təsdiq edib. F.Quliyev 1994-cü ilin oktyabrından baş nazir səlahiyyətlərini icra edirdi. 1996-cı ildə səhhətilə bağlı vəzifəsindən istefa verib və onu bu vəzifədə Artur Rasizadə əvəzləyib.
1995 – Milli Məclis həmçinin Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın tərkibi təsdiq edib. Prezident Heydər Əliyevin sədrlik etdiyi komissiyanın tərkibinə tanınmış ictimai xadimlər, alimlər, hüquqşünaslar daxil idi.
2003 – Prezident Heydər Əliyev faşizm üzərində Qələbənin 58-ci ildönümü münasibətilə amnistiya təşəbbüsü ilə çıxış edib. Amnistiya aktı ümumilikdə 14 min nəfərə şamil edilib, o cümlədən 3400 məhbus azadlığa çıxıb.