Azərbaycan atəşkəslə bağlı “Bişkek protokolu“nu imzalayıb – 21 il öncə
8 May 2015 09:39 (UTC+04:00)
Tarixdə bu gün mayın 8-də 1994-cü ildə Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi Vladimir Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və "DQR parlamentinin sədri" Karen Baburyan imza atıb. Atəşkəs haqqında şənəd mayın 12-də qüvvəyə minib.
1883 – Bakı-Tiflis-Batumi dəmir yolu xətti fəaliyyətə başlayıb. İnşası üç il sürən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin edib. Həmin dövrdə qatarlar Bakıdan Tiflisə 550 km-lik yolu 18-20 saata qət edirdilər.
1903 - Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: "Balda qeyd kitabçası", "Mademauzel Nituş", "80 gün dünya ətrafında", "Şeytan və on yasaq" və s.
1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: "Roma, açıq şəhər", "Almaniya, sıfırıncı il" və s.
1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
1914 - Yəhudi əsilli tanınmış Fransa yazıçısı, ssenarist, kinorejissor Romen Hari (Roman Kasev, 1914-1980) anadan olub.
1919 - Tanınmış bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.
1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.
1975 – Məşhur ispan müğənnisi Enrike İqlesias (Enrique Miguel Iglesias Praysler) anadan olub. Dünya şöhrətli Hulio İqlesiasın oğludur.
1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər. Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaradıb. Rayonun 20 minə yaxın əhalisi didərgin düşüb. Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəyib. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilib.
1992 – Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub.
1994 - Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi Vladimir Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və "DQR parlamentinin sədri" Karen Baburyan imza atıb. Atəşkəs haqqında şənəd mayın 12-də qüvvəyə minib.