“Bakı-2015”in məşəli Horadizdə - FOTOLAR
8 May 2015 12:09 (UTC+04:00)
AzNews.az xəbər verir ki, axşam saatlarında məşəlin Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.
Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra məşəl yürüşü başlanıb. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.
Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər "Bakı-2015" Birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovu qarşılayıblar.
Sonuncu yürüşçü Rövşən Ələsgərov səhnəyə qalxaraq, Birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırılıb. Çıraq yarışların sonuna qədər "Bakı 2015"-in rəmzi kimi rayonda saxlanılacaq.
Festival Qəhrəmanlar Parkında davam etdirilib. Mərasimdə aprelin 26-da Birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Füzuli rayon sakinləri Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini yüksək qiymətləndiriblər.
Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.