“Bakı-2015” məşəli- Xocavənddə

9 May 2015 18:45 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında 320 ailəlik qəsəbədə xocavəndli məcburi köçkünlər tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılandı. Alov estafetini Xocavənd rayonundan olan məşəlçi – sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul etdi. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlandı. On nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı meydanına gəldi. Yol boyu düzülən xocavəndlilər məşəl estafeti iştirakçılarını hərarətlə qarşıladılar.

Alov estafetinin sonuncu iştirakçısı – qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə qaldırdı. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və şarlar buraxıldı. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim etdi. Çıraq yarışların sonuna qədər "Bakı 2015"-in rəmzi kimi rayonda saxlanılacaq. Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Alqışların ucaldığı və məşəlin şəfəq saçdığı meydan insanların sabaha olan dərin inamını ifadə edirdi. Çox keçməz ki, bu gün Xocavənd qəsəbəsində şölələnən bu məşəl Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad ediləcək yurd yerlərində də alovlanar.


AzNews.az