DİN-də saxta polis! - FAKT

12 Oktyabr 2012 08:16 (UTC+04:00)


Rus dili müəllimi necə təhqiqatçı oldu?

Bu günlərdə redaksiyamıza bir neçə maraqlı məlumat daxil olub. Barəsində qaldırılmış cinayət işinin Ali Məhkəməyədək uzandığını bildirən Ələkbər Məmmədov (ad şərtidir- A.A) barəsində çıxarılan bütün qərarların saxta olduğunu israr edir və dediklərini təsdiqləyən sübutları təqdim edir. Bizə təqdim edən materialların həqiqətən şok effekt verəcəyini nəzərə alıb onları dərc etmək təklifini verdik.

Razılaşdı, amma bizə məlum olan haqlı səbəblərə görə adının çəkilməsini istəmədi. Biz də saxtakarlıq və qanun pozuntularını özündə toplayan bir qovluq materialları zərərçəkmişin adını çəkmədən, hissə-hissə sizə təqdim edirik. Aidiyyəti orqanları maraqlandırarsa, bizə təqdim edilən materialları onlara verməyə və zərərçəkənin adını açıqlamağa hazırıq.

I yazı

Şikayət ərizələrində diqqətimizi çəkən əsas məsələ polis olmayan şəxsin polis bölməsində özünü təhqiqatçı kimi təqdim etməsi faktıdır.
Məlumat üçün bildirək ki, zərərçəkən 07 mart 2010-cu ildə Nəsimi rayonu, "Cavadxan" küçəsi 48 ünvanında, işlədiyi "Xəzrservis" adlı firmada bir qrup şəxs tərəfindən döyülməsi, ağır bədən xəsarəti alması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edib. Qarşı tərəfin hansısa məlum "qüvvəsi" isə sonradan işi tərsinə çevirib və nəticədə istintaq cinayətkarları "zərərçəkmiş" kimi tanıyıb.

Təhqiqatın düz aparılmaması, döyülən şəxsdən "təhqiqatçı"nın açıq şəkildə "hörmət" istəməsi, bunu etmədiyi təqdirdə hər şeyi qarşı tərəfin xeyrinə yönəldəcəyini bəyan etməsi müəyyən şübhələr yaradır. Məsuliyyətsiz davranış, heç bir çərçivəyə sığmayan "alver"... Özü də polis bölməsinin içində. Üstəlik rəsimi sənədlərdə təhqiqatçi kimi Qədir İmanovun deyil, Seydi Quliyev adlı bir nəfərin yazılması şübhələri bir qədər də artırır. Sonradan məlum olur ki, şübhələr əsassız deyilmiş.

Sən demə, 19-cu Polis bölməsində "təhqiqatçı"- tərəfləri dindirən, izahatlar alan, "sövdələşmə aparan" Qədir İmanov adlı şəxs əslində, polis deyilmiş, heç bölmənin süpürgəçisi ştatında da adı yoxuymuş. Zərərçəkən bunu dəqiqləşdirəndən sonra Nəsimi Rayon Polis idarəsinin sabiq rəisi Məmməd Mikayılova ərizə ilə müraciət edir. İşin obyektiv aparılması üçün əsl təhqiqatçı istəyir. Müraciətdən sonra Nəsimi RPİ-nin İstintaq bölməsinin rəhbəri İlham Paşayevin imzası ilə 19-cu polis bölməsinin rəisi Sultan Zeynalova əməliyyat tapşırığı göndərilir. Zeynalovun 29 aprel 2010-cu ildə ünvanladığı cavabda isə Qədir adlı şəxsi müəyyən edə bilmədikləri, belə bir şəxsi tanımadıqları bildirilir. Belə olduqda zərərçəkən "təhqiqat"ına lazım olan işlərə görə Qədirin mobil telefonu ilə dəfələrlə zəng etdiyini sübut etməkdən ötrü BAKCELL-dən yazılı qaimə alıb, təqdim edir. 19 noyabr 2010-cu ildə verilmiş, zərərçəkəni – Ələkbər Məmmədovu təqsirləndirilən şəxs qismində tanıdan qərara baxanda isə çox maraqlı təzad ortaya çıxır. Məlum olur ki, şəxsiyyəti müəyyən edilə bilinməyən Qədir İmanov sən demə, bölmə rəisin cavabından 8 gün əvvəl, yəni 21 aprel 2010-cu il tarixində "mövcud" imiş və hadisə ilə bağlı Nəsimi RPİ-nin müstəntiqi Mehman Ələsgərova izahat da veribmiş! Hətta izahatda bəzi qaranlıq məsələlərə "aydınlıq" da gətiribmış. Onun telefonu ilə zərərçəkənlə dəfələrlə danışıldığını və bölmədə olmaq səbəblərini "təhqiqatçı" belə "əsasladırıb": "Mən polis deyləm, rus dili müəllimiyəm, həm də kompüter mütəxəssisiyəm. Bölmədə də kompüterlərə baxıram... Seydi Quliyevin konturu olmadığı üçün mənim telefonumdan istifadə edirdi". Üstəlik bildirib ki, nəinki, S. Quliyev, digər polis işçiləri də onun telefonundan istifadə edirlər. Maraqlıdır ki, hamıya öz telefonunu həvalə edən, konturlarına qıyan bir adamı bölmənin rəisi Sultan müəllim necə müəyyən edə bilməyib?

Zəruri qeyd: Polis Bölməsindən öyrəndik ki, Qədir İmnaov hazırda da "işini" davam etdirir.

Davamı var.

Növbəti yazılarda:

1. Nəsimi polisi zərərçəkəni necə cinayətkar etdi?
2. Şahidlərin, adı işdə hallanan şəxslərin ifadələrinin dəyişdirilməsi, tarixlərin saxtalaşdırılması faktları...
4. Ekspert rəyləri necə saxtalaşdırılıb...
5. Hadisə yerindəki kamera görüntülərini ört-basdır etməkdən ötrü müstəntiq hansı yollardan istifadə edib?...
6. Qədir İmanov kimi adamların PB-da olması hansı zərurətdən doğur.


Yazıya qoşma (Foto):

1. "Təhqiqatçı" Qədir İmanovun dindirilməsi protokolu
2. "Təhqiqatçı" Qədir İmanovun müəyyən edilməsi əməliyyat tapşırığı
3. Sultan Zeynalovun əməliyyat tapşırığına cavabı


Azər Azəri
AzNews.az